IMG-LOGO

Ferit Hoxha: Aİ-nin heç bir üzvü Albaniyanın ittifaqa qoşulmasını bloklamayıb

07 Apr 2026 02:38 2 baxış
IMG

Avropa İttifaqına (Aİ) üzv heç bir dövlət Albaniyanın təşkilata qoşulma prosesini bloklamayıb və danışıqlar problemsiz şəkildə irəliləyir.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Albaniyanın Avropa və xarici işlər naziri Ferit Hoxha "Euronews Albania"ya müsahibəsində deyib.

O qeyd edib ki, ölkəsi Avropa İttifaqına üzvlük istiqamətində düzgün yoldadır. Nazirin sözlərinə görə, proses çərçivəsində üzv dövlətlər tez-tez əlavə məsələlər qaldırır, lakin bu, prosesin bloklanması demək deyil.

F.Hoxha vurğulayıb ki, Albaniya Aİ-nin yeni metodologiyası əsasında danışıqlar aparan ilk ölkədir və artıq danışıqlar fəslinin açılması üçün tələb olunan 92 boşluğu aradan qaldırıb.

"Bunu tam əminliklə deyirəm: proses nə bloklanıb, nə də ləngiyib. Avropa Komissiyası bizim irəliləyişimizi görür və hesab edir ki, Albaniya doğru yoldadır. Aİ ilə üzvlük danışıqları ciddi xarakter daşıyır və üzv dövlətlər irəliləyişi yoxlamaq üçün suallar verməyə davam edəcəklər. Avropa İttifaqında heç nə asan deyil, lakin Albaniya çətinliklərin öhdəsindən uğurla gəlir".

Xarici işlər naziri Yunanıstan ilə münasibətləri indiyədək ən güclü və məhsuldar dövrlərdən biri kimi dəyərləndirib. Nazir bildirib ki, Afina şəhərində keçirdiyi görüşlərdən sonra tərəflər mövcud problemlərin sürətli və məzmunlu şəkildə həlli istiqamətində irəliləmək barədə geniş razılığa gəliblər. Bu prosesin hər iki tərəfin razılaşdığı ümumi çərçivə daxilində həyata keçiriləcəyi qeyd olunub.

F.Hoxha Albaniyanın Aİ-yə qoşulma prosesinə dəstəyinə görə Yunanıstanın rolunu yüksək qiymətləndirərək Afinanı xoşniyyətli tərəf kimi xarakterizə edib: "Biz bir-birimiz üçün prosesi asanlaşdırmaq və irəliləmək barədə razılığa gəlmişik. Yunanıstanın Aİ-yə inteqrasiya prosesində rolu xüsusi əhəmiyyət daşıyır və Afina 2027-ci ilin ikinci yarısında Avropa İttifaqına sədrlik edəcək".

Nazir yaxın gələcəkdə yunan həmkarı ilə geniş tərkibli görüş keçiriləcəyini də açıqlayıb. Bu müzakirələr ikitərəfli məsələlərin həllinə və iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə yönələcək.

F.Hoxha vurğulayıb ki, qarşıdakı danışıqlar Albaniyanın Aİ-yə inteqrasiya prosesinin maneəsiz şəkildə irəliləməsini təmin etmək üçün qalan problemlərin həlli istiqamətində daha geniş səylərin bir hissəsidir.

Xəbər lenti