IMG-LOGO

Uşağın temperaturuna görə valideynləri təyyarədən düşürdülər - yüklərini vermədilər

06 Apr 2026 18:54 2 baxış
IMG
3 0

ABŞ-da gənc valideynlər körpənin ağlamasına görə təyyarədən endirilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, cütlük hava limanında təhlükəsizlik yoxlamasından və qeydiyyatdan problemsiz keçib. Lakin təyyarəyə mindikdən sonra ekipaj üzvləri onlardan yenidən biletləri göstərməyi tələb edib və uşağın adı, doğum tarixi kimi detallı suallar veriblər.

Daha sonra bir əməkdaş ailəyə yaxınlaşaraq körpənin xəstə ola biləcəyini iddia edib. Onun sözlərinə görə, uşaqda səpgiyə bənzər qızartı müşahidə olunub. Ana isə buna etiraz edərək bildirib ki, körpə tam sağlamdır və sadəcə ağladığı üçün üzü qızarıb. Sonradan başqa bir əməkdaş uşağın temperaturunun yüksək olduğunu deyərək onun uçuşa buraxıla bilməyəcəyini qeyd edib.

Ana isə vəziyyətlə bağlı narazılığını ifadə edərək bildirib ki, heç kim uşağın temperaturunu ölçməyib və ona tibbi baxış keçirilməyib. Onun sözlərinə görə, bu qərar əsassız olub.

Ailə növbəti reysə yalnız ertəsi gün səhər saatlarında minə biləcəyini öyrənib. Bununla belə, onlara nə qalmaq üçün yer, nə də nəqliyyatla bağlı hər hansı kömək təklif olunub. Üstəlik, onların baqajı artıq təyyarədə qaldığı üçün ailə körpə üçün lazım olan paltar, uşaq arabası və avtomobil oturacağı olmadan çətin vəziyyətdə qalıb.

Aviaşirkət isə əməkdaşlarının qərarını müdafiə edib. Şirkət nümayəndələri bildiriblər ki, ekipaj üzvləri sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün operativ qərarlar vermək səlahiyyətinə malikdir. Əgər ekipaj üzvü hər hansı sərnişinin, xüsusilə də körpənin uçuş üçün yararlı olub-olmaması ilə bağlı şübhə edərsə, o zaman uçuş prosesini dayandıraraq tibbi mütəxəssislərlə məsləhətləşə bilər.

travel səyahət cütlük uşaq

Xəbər lenti