Alimlər müəyyən ediblər ki, qumar və şansa əsaslanan oyunlar insanların həyatında düşündüyümüzdən çox daha qədim dövrlərdən mövcud olub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmalara görə, bu cür oyunlar hələ son buz dövründə – təxminən 12 min il əvvəl yaranmış ola bilər.
Kəşf nəyi ortaya çıxarıb?
TABŞ-ın Kolorado Ştat Universitetinin alimləri Şimali Amerikanın qərb Böyük Düzənlikləri ərazisində tapılmış ən qədim oyun alətlərini araşdırıblar.
Məlum olub ki, bu artefaktlar sümükdən hazırlanmış iki tərəfli “kubiklərdir”. Onlar təsadüfi nəticələr əldə etmək üçün istifadə olunub və indiyədək məlum olan ən qədim oyun alətlərindən ən azı 6 min il daha qədimdir.
Müasir zərlilərdən fərqli olaraq, bu qədim “kubiklər” yalnız iki tərəfli olub və “yazı-tura” prinsipinə bənzər şəkildə işləyib. Onlar sümükdən hazırlanır, xüsusi işarələrlə qeyd olunur və qrup şəklində atılaraq nəticə hesablanırdı.
Tədqiqatçı Robert Madden bildirib ki, bu alətlər sadə görünsə də, məqsədli şəkildə hazırlanıb: “Bunlar təsadüfi yaranmış əşyalar deyil. Onlar konkret olaraq təsadüfi nəticə əldə etmək üçün hazırlanıb”.
Araşdırmanın miqyası
57 arxeoloji abidədən təxminən 600 belə əşya analiz edilib, ən qədim nümunələrin yaşı 12 800–12 200 il əvvələ aiddir.
Alimlərin fikrincə, bu tapıntılar göstərir ki, şansa əsaslanan oyunlar qədim icmaların həyatında mühüm rol oynayıb. Bu oyunlar müxtəlif qruplar arasında ünsiyyəti gücləndirir, ticarət və informasiya mübadiləsini asanlaşdırır, həmçinin sosial əlaqələrin formalaşmasına kömək edirdi.
Mütəxəssislər bu oyunları “sosial texnologiya” kimi qiymətləndirir və qeyd edirlər ki, onlar insanlara qeyri-müəyyənliklə başa çıxmaqda kömək edirdi.
Qeyd olunur ki, müasir dövrdə də oyunların insan beyninə təsiri araşdırılır. Məsələn, bəzi tədqiqatlar göstərir ki, video oyunlar informasiyanı daha sürətli emal etməyə kömək edir, şahmat isə daha çox strateji düşüncə və planlaşdırmanı inkişaf etdirir. Ən yaxşı nəticə isə müxtəlif oyun növlərinin birgə istifadəsi ilə əldə olunur.
qumarın tarixi