"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) və "Bakı Gəmiqayırma Zavodu" MMC (BGZ) arasında əldə olunmuş razılaşmaya əsasən, "Bibiheybət" Gəmi Təmiri Zavodunun (GTZ) portfelinin BGZ-yə ötürülməsinin bu ilin iyul ayına qədər yekunlaşdırması planlaşdırılır.
Bu barədə "Report"un sorğusuna cavab olaraq səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə, iş həcminin yönləndirilməsi prosesinə artıq başlanılıb.
Bundan başqa, ASCO bəyan edib ki, köçürülmə çərçivəsində əməkdaşlar üçün məşğulluq imkanlarının təmin edilməsi prioritet olaraq qalır.
"Ötürüləcək təmir həcmini qarşılamaq məqsədilə BGZ-də müvafiq qaydada iş yerləri açılır və əmək qanunvericiliyinin tələblərinə əsasən "Bibiheybət" GTZ-nin əməkdaşları həmin vakansiyalara yerləşdirilir. Digər əməkdaşlar üçün iş imkanlarına ASCO-da mövcud olan peşə (vəzifə) ehtiyacları və vakant yerlər üzrə mərhələli şəkildə baxılacaq", - deyə məlumatda qeyd olunub.