IMG-LOGO

ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək

06 Apr 2026 16:56 6 baxış
IMG

ABB və Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsini nəzərdə tutur.

Müqaviləyə Bankın İdarə Heyəti sədrinin müavini Nərgizxanım Biləndərli və Agentliyin İdarə Heyətinin sədri Samir Axundov imza atıb.

Bu əməkdaşlıq ölkəmizdə müvafiq Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditlərin verilməsinin əsasını qoyur.

Tərəflər Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin təşviqi və geniş müştəri kütləsinin, o cümlədən kiçik və orta sahibkarlıq subyektlərinin bu imkanlardan faydalanması məqsədilə illik 5 % dərəcəsi ilə 15 ilə qədər müddətə, 10 milyon manata qədər məbləğdə güzəştli kreditlərin verilməsi imkanının yaradılması barədə razılığa gəliblər.

Həmçinin güzəştli kreditlərin verilməsi, onların şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinə nəzarət (monitorinq), geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının Agentlik qarşısında hesabatlılığı ilə bağlı münasibətlərin tənzimlənməsi məsələləri də razılaşdırılıb.

Xatırladaq ki, Enerji effektivliyi fondu ölkə Prezidentinin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını EMTA həyata keçirir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər lenti