Azərbaycan və Uqanda investisiyalar haqqında sazişin və ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilənin bağlanmasının sürətləndirilməsini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Uqanda KİV-i məlumat yayıb.
Qeyd edək ki, Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Uqandanın Xarici İşlər Nazirliyinin (XİN) beynəlxalq məsələlər üzrə dövlət naziri Henri Okello Oryemin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bu məsələ üzrə müzakirələr aparılıb.
Bildirilib ki, görüş zamanı Uqanda tərəfi azərbaycanlı investorları bu ölkənin kənd təsərrüfatı, turizm, faydalı qazıntıların hasilatı, elm və texnologiyalar, həmçinin neft-qaz sektoruna investisiya yatırma imkanlarını nəzərdən keçirməyə çağırıb.
Öz növbəsində, Azərbaycan 2026-cı ilin sonunda Uqandaya hökumət və biznes nümayəndələrindən ibarət birgə nümayəndə heyəti göndərmək, həmçinin uqandalı tələbələr üçün təqaüdlərin sayını artırmaq və diplomatlar üçün təhsil imkanı yaratmaq niyyətində olduğunu bəyan edib.