Dərbənddə (Dağıstan, Rusiya) daşqın federal magistral yolun bir hissəsinin su altında qalmasına səbəb olub, bu da iki nəfərin ölümünə gətirib çıxarıb.
"Report"un xəbərinə görə, bu barədə "İnterfaks" agentliyinə respublikanın Regionu İdarəetmə Mərkəzinin (RİM) rəhbəri İsrafil İsrafilov məlumat verib.
Onun sözlərinə görə, həlak olanları avtomobildə güclü axın aparıb.
"Güclü axın trasın Məmmədqala və Qecux qəsəbələri arasındakı hissəsində avtomobilləri yuyub aparıb. İnsanlar həm Dərbənd, həm də Mahaçqala istiqamətindən suyun içində qalıblar. Xilasetmə əməliyyatı zamanı yeddi nəfəri sudan çıxarmaq mümkün olub. Təəssüf ki, iki ölüm halı qeydə alınıb", - İsrafilov bildirib.
Bazar günü Dərbənddə "Qafqaz" federal magistral yolunun bir hissəsində suyun səviyyəsinin kəskin qalxması nəticəsində körpünün uçması səbəbindən nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Daha əvvəl Dağıstanın paytaxtı Mahaçqalada intensiv yağışların yaratdığı subasma səbəbindən üçmərtəbəli ev uçub.