IMG-LOGO

Dağıstanda güclü yağışlar səbəbindən yaşayış binası uçub, bir nəfər ölüb

05 Apr 2026 20:27 3 baxış
IMG

Rusiyanın cənubunda, Dağıstanın Qaytaq rayonunun Kirki kəndində torpaq sürüşməsi nəticəsində bir yaşayış evi tamamilə dağılıb, daha iki tikiliyə isə qismən ziyan dəyib.

"Report"un məlumatına görə, bu barədə rayon rəhbəri Zapir Həsənov öz "Telegram" kanalında məlumat verib.

"Bu gün saat 15:40-da (Bakı vaxtı ilə 16:40 - red.) Kirki kəndində uzunmüddətli intensiv yağıntılar səbəbindən torpaq sürüşməsi baş verib. Bir ev tamamilə dağılıb, digər iki ev qismən zərər görüb. Daha beş ev üçün təhlükə hələ də qalmaqdadır", - Həsənov bildirib.

Onun sözlərinə görə, hadisə yerində dəymiş ziyanın qiymətləndirilməsi və təbii fəlakətdən zərər çəkmiş sakinlərə yardım edilməsi ilə məşğul olan operativ komissiya fəaliyyət göstərir.

Evin dağıntıları altından bir qadının meyiti tapılıb.

"Kirki kəndində dağıntılar altından bir qadının meyiti tapılıb", - Həsənov TASS-a bildirib.

Xatırladaq ki, bundan əvvəl Dağıstanın paytaxtı Mahaçqalada güclü yağışların törətdiyi subasma səbəbindən üçmərtəbəli bina uçmuşdu.

Xəbər lenti