Türkiyənin Milli İstihbarat Təşkilatı MOSSAD casuslarına qarşı əməliyyat keçirib.
Lent.az yerli mediaya istinadla bildirir ki, İstanbul şəhərində keçirilən əməliyyatlar zamanı 7 nəfər saxlanılıb. Onlardan birinin tez-tez telekanallarda verilişlərə qatılan özəl detektiv Hamza Turhan Ayberk olduğu üzə çıxıb.
Məlum olub ki, Ayberk MOSSAD-ın Serbiyada yaşayan “Viktoriya” kod adlı üzvü ilə təmasa girərək müəyyən pul qarşılığında casusluğa razı olub və özünə dəstə qurub. Razılaşmaya əsasən o, Türkiyədəki iranlı və ərəb iş adamlarını izləməli, onlar barəsində məlumatları MOSSAD-a ötürməli olub.
Ancaq onun həmçinin izlədiyi adamların avtomobillərinə və evlərinə kameralar, səsyazma cihazları da quraşdırdığı müəyyənləşib.
Hazırda saxlanılan şəxslər barəsində araşdırma aparılır.