IMG-LOGO

Auditor: "Ehtiyat fondlarının yaradılmaması likvidlik probleminə səbəb olur"

04 Apr 2026 12:07 6 baxış
IMG

Azərbaycanda ehtiyat fondlarının yaradılmaması maliyyə risklərini gizlədir və likvidlik probleminə səbəb olur.

"Report" xəbər verir ki, bunu "Azərişıq" ASC-nin Audit Komitəsinin rəhbəri Rauf Rzayev Bakıda keçirilən "Vergi və Mühasibatlıq Zirvəsi"ndə bildirib.

Onun sözlərinə görə, şübhəli debitor borcları və ehtimal olunan öhdəliklər üzrə ehtiyatların tanınmaması müəssisənin maliyyə vəziyyətini düzgün əks etdirmir.

"Bu yanaşma qısa müddətdə məntiqli görünsə də, uzunmüddətli perspektivdə ciddi problemlər yaradır. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları yalnız faktlara deyil, həm də ehtimallara və gələcək gözləntilərə əsaslanır. Bu baxımdan maliyyə hesabatlarında risklərin əvvəlcədən nəzərə alınması vacibdir. Ehtimal olunan öhdəliklərin balansda əks olunmaması şirkətləri gələcəkdə hazırlıqsız vəziyyətdə qoyur və nəticədə iri məbləğli xərclərin birdən-birə tanınmasına səbəb olur. Bu isə müəssisələrdə likvidlik problemlərinə və maliyyə nəticələrində kəskin dalğalanmalara gətirib çıxarır", - R.Rzayev qeyd edib.

Bundan başqa, "Azərişıq" rəsmisinin sözlərinə görə, maliyyə hesabatlarının vergi bəyannamələri əsasında formalaşdırılması həmişə düzgün yanaşma hesab olunmur: "Mühasibat uçotu vahid sistemdir, ayrıca "vergi uçotu" anlayışı mövcud deyil. Vergi qanunvericiliyinin məqsədi baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə vergilərin hesablanmasını və dövlət büdcəsinə vaxtında ödənilməsini təmin etməkdir. Praktikada isə bəzi hallarda auditorlar vergi bəyannaməsindəki rəqəmləri birbaşa maliyyə hesabatlarına köçürür. Bu, düzgün yanaşma deyil. Maliyyə hesabatları iqtisadi mahiyyəti əks etdirməli, yalnız vergi rəqəmlərinə əsaslanmamalıdır".

"Bu yanaşma təkcə maliyyə hesabatlarında deyil, statistik məlumatlarda da ciddi təhriflər yaradır. Mühasibat uçotu ilə vergi göstəriciləri arasında yaranan fərqlərin düzgün idarə olunmasında 12 saylı "Mənfəət vergiləri" standartı mühüm rol oynayır. Bu standart aktiv və öhdəliklərin balans dəyəri ilə onların vergi bazası arasında yaranan müvəqqəti fərqlərin uçotunu tənzimləyir. Təxirəsalınmış vergilərin maliyyə hesabatlarında tanınmaması gələcək vergi öhdəliklərinə hazır olmamaq riskini artırır, eyni zamanda dövrlər üzrə mənfəət göstəricilərində kəskin fərqlərə səbəb olur. Bu mexanizm gəlir və xərclərin uzlaşdırılması prinsipinin təmin olunmasına və maliyyə nəticələrinin daha düzgün təqdim edilməsinə xidmət edir", - R.Rzayev əlavə edib.

Xəbər lenti