Kraliça II Yelizaveta 2026-cı ilin aprelində 100 yaşını qeyd edəcəkdi.
Britaniya tacını 70 il daşıyan kraliça II Yelizavetanın ölümündən təxminən dörd il sonra, onun ən yaxın şəxsi köməkçisi və stilisti Ancela Kelli növbəti müsahibəsini verib.
Lent.az xarici mediaya istinadla məlumat verir ki, o, kraliçanın yanındakı gündəlik həyatından, hətta onun son günlərinə qədər olan yeni hekayələrini paylaşıb.
Kelli, təxminən 30 il ərzində kraliçanın ən çox etibar etdiyi şəxs olub. O, kraliçanın rəğbətini ilk dəfə 1992-ci ildə Almaniyada, o vaxtkı Britaniya səfiri Kristofer Mallabinin evində təsərrüfatçı işləyərkən qazanıb. Məhz kraliça II Yelizaveta onu Bukinqem sarayında qarderob köməkçisi vəzifəsində işləməyə dəvət edib. Kelli 1994-cü ildə kraliçanın yanında işə başlayıb və qısa müddətdə onun ən sadiq məsləhətçilərindən birinə çevrilib.
"Hər ikimiz bilirdik ki, aramızda etibar, sadiqlik və qarşılıqlı anlayış var. Kraliça mənim ən yaxın dostum idi və mən hər gün onun üçün darıxıram", - Kelli xatırlayır.
Kelli II Yelizavetanın qarderobunun seçilməsinə cavabdeh olub.
"Bir dəfə ona dedim: “Əlahəzrət, sizin çox gözəl ayaqlarınız var. Gəlin onları göstərək!” Gözlənildiyi kimi, geyiminin ətəyi qısaldıldı", - Kelli kraliçaya verdiyi ilk məsləhətlərdən birini xatırlayır.
Britaniyalı dizayner Stüart Parvin isə qeyd edir: "Ancela kraliçaya özünəinam verdi və o, Ancelanın yanında özünü daha rahat hiss edirdi. Bu, çox xüsusi bir münasibət idi. Ancela ilk gündən kraliçanın necə görünməli olduğunu daxili hissiyatı ilə anlayırdı və kraliça ona tam etibar edirdi".
Şahzadə Uilyam və Harrinin nənəsi Ancela Kelliyə o qədər inanıb ki, sarayda onun üçün qapalı qapı olmayıb. Kellinin hətta kraliçanın yataq otağına girişi də olub.
"Hər səhər kraliça Radio 2-də Terri Voqanın proqramına qulaq asırdı. “Dancing Queen” mahnısı başlayanda o çox xoşbəxt olurdu və biz birlikdə rəqs edirdik. Əlahəzrət oxumağı sevirdi və gözəl səsi var idi. Mənim isə səsim yoxdur. Mən sadəcə gecə klubundakı kimi rəqs edirdim, kraliça isə oxuya bilmədiyim üçün məndən kənara çəkilməyimi istəyirdi və biz gülüşürdük. Kraliçanı belə rahat görmək unudulmaz anlar idi", - Kelli xatırlayır.
2012-ci ildə kraliça Ancela Kellini Birləşmiş Krallığın ali mükafatı olan “Kral Viktoriya Ordeni” ilə təltif edib.
Ancela Kelli II Yelizaveta ilə otuz il yaşayıb. Pasxa bayramında Vindzor qəsrində Balmoralda onun qonağı olub. 2020-ci ildə COVID-19 pandemiyasının karantini zamanı isə Vindzorda kraliçanın yanında qalaraq ona yoldaşlıq edib və saçlarını burub.
Kelli kraliçanın şəxsi həyatı haqqında deyir: "O, nənə olmağı çox sevirdi. Əlahəzrət nəticələrini at sürməyə və ya gəzintiyə aparırdı. Əyləncəli tədbirlər təşkil edirdi. Hətta baş naziri qəbul edəndə belə, qabları həmişə özü yuyurdu".
Ancela Kelli son ana qədər kraliçaya qulluq etməyə və onu geyindirməyə cavabdeh olub. Hətta kraliçanın ölümündən sonra, Balmoraldan Londona aparılan tabutun bəzədilməsi ilə də o məşğul olub. Son vida mərasimindən sonra Kral Sarayı onu işdən azad edib. Kral Çarlz isə Kelliyə köçməsi üçün bir ev hədiyyə edib.
Sevda Rumi
II Yelizaveta kraliça Ancela Kelli

