Dünya Bankı Azərbaycanda dövlət müəssisələrinin monitorinqi üzrə həyata keçirilən islahatları yüksək qiymətləndirir və bu istiqamətdə texniki dəstək göstərməyə hazırdır.
"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu Bankın Dövlət Maliyyəsi və Satınalmalar Bölməsi üzrə təcrübə meneceri Serdar Yılmaz nazirin I müavini Anar Kərimovla görüşdə bildirib.
Görüşdə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Stefanie Stallmeister də iştirak edib.
Tərəflər Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığı genişləndirmək perspektivləri, xüsusilə dövlət maliyyə idarəetməsi sahəsində həyata keçirilən və planlaşdırılan tədbirləri müzakirə edib. A.Kərimov bildirib ki, Azərbaycan Dünya Bankı ilə əməkdaşlığa böyük önəm verir və bu tərəfdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər dövlət maliyyə idarəçiliyi sisteminin təkmilləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, Dünya Bankının bu sahədə göstərdiyi dəstək yüksək qiymətləndirilir və həyata keçirilən islahatların effektivliyinə mühüm töhfə verir.
Nazir müavini əlavə edib ki, dövlət müəssisələrinin monitorinqi istiqamətində son dövrlərdə görülən işlər və həyata keçirilən islahatlar bu sahədə şəffaflığın və hesabatlılığın artırılmasına xidmət edir və qarşıdakı dövrdə bu istiqamətdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Görüş zamanı, həmçinin Dünya Bankının göstərə biləcəyi mümkün texniki yardım layihələri, eləcə də Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin qarşısında duran vəzifələr və bu istiqamətdə görüləcək işlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər bu sahədə təcrübə mübadiləsinin və birgə fəaliyyət imkanlarının genişləndirilməsinin vacibliyini qeyd ediblər.

