IMG-LOGO

İtaliya ABŞ hərbi təyyarələrinin Siciliyadakı bazadan istifadəsinə icazə verməyib

31 Mar 2026 13:53 3 baxış
IMG

İtaliyanın müdafiə naziri Qvido Krozetto ABŞ hərbi təyyarələrinin Yaxın Şərqdəki hərbi əməliyyatlar üçün Siciliyadakı Siqonella bazasından istifadəsini qadağan edib.

"Report" xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti yazıb.

Qeyd olunub ki, qərar ABŞ komandanlığının bombardmançı təyyarələr artıq havada olduğu zaman onların enişini razılaşdırmağa cəhd etməsindən sonra qəbul edilib.

İtaliya Müdafiə Baş Qərargahının məlumatına görə, uçuş planı Yaxın Şərqə istiqamət alan təyyarələrə yanacaq doldurulmasını nəzərdə tuturdu. Lakin İtaliya tərəfi ilə əvvəlcədən məsləhətləşmə aparılmayıb və icazə ilə bağlı rəsmi sorğu daxil olmayıb.

Yoxlamanın nəticələrinə əsasən, həmin reyslər logistik xarakter daşımır və Roma ilə Vaşinqton arasındakı mövcud müqavilələrin əhatə dairəsinə daxil deyil. Bununla əlaqədar Müdafiə Qərargahının rəisi Luçano Portolano nazirin birbaşa tapşırığı ilə enişə qadağa tətbiq edib.

İtaliya Müdafiə Nazirliyində vurğulayıblar ki, beynəlxalq sazişlərdə nəzərdə tutulmayan istənilən hərbi əməliyyat ölkə parlamentinin mütləq təsdiqini tələb edir. Eniş yalnız göyərtədə fövqəladə vəziyyət yarandığı halda mümkün ola bilər.

Xəbər lenti