"Albanian Gas Service Company" ("AGS CO") və Trans-Adriatik Boru Kəməri ("TAP AG") konsorsiumu qaz nəqli şəbəkəsinə texniki xidmətlərin göstərilməsi haqqında müqavilənin müddətinin uzadılması barədə razılığa gəlib.
"Report" xəbər verir ki, bu barədə Albaniyanın infrastruktur və energetika naziri Enea Karakaçi sosial şəbəkə hesabında yazıb.
"Bu saziş Albaniyanın regional enerji sektorunda artan əhəmiyyətinin əyani təsdiqidir, eyni zamanda beynəlxalq tərəfdaşların ölkənin qazandığı təcrübəyə və qəbul edilmiş standartlara etimadını nümayiş etdirir", - nazir vurğulayıb.
Bununla yanaşı, "TAP AG" Albaniya hökuməti və "Albgaz" şirkəti ilə Fyer şəhərində giriş/çıxış nöqtəsinin yaradılması məsələsində fəal əməkdaşlıq edir.
Bu layihə çərçivəsində 2021-ci il iyulun 6-da "TAP AG", Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi və "Albgaz" şirkəti "Əməkdaşlıq və infrastruktur obyektlərinin ötürülməsi haqqında" saziş imzalayıb. Sənədin şərtlərinə əsasən, tikinti işləri başa çatdıqdan sonra mülkiyyət hüquqları Albaniya dövlətinə keçəcək. Milli qaz bazarının formalaşmasına dəstək məqsədilə "TAP AG" və Albaniya hökuməti arasında bağlanmış Anlaşma Memorandumuna uyğun olaraq, konsorsium "AGS CO" ilə Albaniya ərazisində TAP boru kəməri sisteminə və onun obyektlərinə keyfiyyətli texniki xidmət göstərilməsi haqqında müqavilə bağlayıb.
"AGS CO" nizamnamə kapitalının 75 %-nin "Albgaz" dövlət operatoruna, 25 %-nin isə İtaliyanın "Snam S.p.A." şirkətinə məxsus olduğu birgə müəssisədir. "TAP AG" və "AGS CO" arasında ilkin müqavilə 2018-ci il dekabrın 28-də bağlanıb.