İsveçrədə dünyanın ən varlı şəxsləri üçün fövqəladə vəziyyətlər zamanı sığınacaq kimi istifadə edilə biləcək xüsusi yeraltı kompleks inşa olunur. Alp dağlarının daxilində yerləşəcək bunkerlər həm insanların, həm də onların qiymətli əmlakının qorunması üçün nəzərdə tutulub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, layihə İsveçrənin Brünig dağ massivində, Lungern kəndinin yaxınlığında həyata keçirilir.
“Brünig Mega Safe” adlı layihə çərçivəsində tikilən kompleks yerin təxminən 100 metr dərinliyində yerləşəcək. Burada insanların uzun müddət təhlükəsiz qala bilməsi ilə yanaşı, bahalı avtomobillər, incəsənət əsərləri, qiymətli metallar, nadir şərab kolleksiyaları və digər sərvətlərin saxlanılması da mümkün olacaq.
İlk yeraltı bölmələrin tikintisinə 2026-cı ilin əvvəlində, şirkətin varlı müştərilərlə müqavilələr bağlamasından sonra başlanılıb. İlkin obyektlərin tikintisinin təxminən iki il davam edəcəyi gözlənilir.
Bunkerdə yerin qiyməti nə qədərdir?Kompleksdə xüsusi hazırlanmış 20-yə yaxın yeraltı bölmənin yaradılması planlaşdırılır. Belə sahələrdən istifadə hüququnun qiyməti təxminən 500 min İsveçrə frankından başlayacaq.
Bunkerin yerləşdiyi dağlıq ərazi təbii üstünlüklərə də malikdir. Yeraltında temperaturun ilboyu təxminən 13 dərəcə səviyyəsində qalması qiymətli əşyaların saxlanılması üçün əlverişli şərait yaradır.
Layihə əvvəlcə əsasən təhlükəsiz anbar kimi nəzərdə tutulsa da, sonradan genişləndirilib. İndi kompleksin daxilində modul tipli yaşayış sahələrinin yaradılması da planlaşdırılır.
Bu bölmələr şəxsi otaqlar, görüş və danışıqlar üçün məkanlar, eləcə də xüsusi qonaq zalları kimi istifadə edilə biləcək. Böyük təbii fəlakət, müharibə və ya digər qlobal böhran baş verərsə, sahiblər müəyyən müddət ərzində yeraltı kompleksdə yaşaya biləcəklər.
Obyekt çoxpilləli təhlükəsizlik sistemi və nəzarət-keçid məntəqələri ilə qorunacaq. Beləliklə, fövqəladə vəziyyət zamanı kompleks xarici aləmdən demək olar ki, tam təcrid edilə biləcək.
Ərazinin bir hissəsində böhran vəziyyətlərində davranış və taktiki təhlükəsizlik üzrə hazırlıq mərkəzi olan “Brünig Institute”un fəaliyyət göstərməsi də nəzərdə tutulur.
99 illik istifadə hüququMüştərilərə yeraltı sahələri 99 il müddətinə icarəyə götürmək imkanı veriləcək. Bu isə faktiki olaraq həmin şəxslərin uzunmüddətli şəxsi anbara və lazım gəldikdə təhlükəsiz sığınacağa sahib olması deməkdir.
İsveçrədə dağların daxilində bunkerlərin və tunellərin tikilməsi yeni deyil. Ölkədə onilliklər ərzində mümkün müharibələrə qarşı dağlarda hərbi istehkamlar, artilleriya mövqeləri və sığınacaqlar yaradılıb.
Yeni layihə isə bu ənənəni daha lüks və bahalı formada davam etdirir. Adi əhali üçün nəzərdə tutulmuş sığınacaqlardan fərqli olaraq, bu kompleks əsasən böyük sərvət sahiblərinə xidmət göstərəcək.
Layihənin müəlliflərinin fikrincə, qlobal qeyri-sabitliyin artdığı bir dövrdə bəzi varlı insanlar üçün ən təhlükəsiz “aktiv” bank hesabından çox, başlarının üzərində yüz metrə yaxın dağ süxurunun olmasıdır.
İsveçrə bunker yeraltı sığıncaq Brünig Mega Safe Alp dağları varlılarMənbə: lent.az