IMG-LOGO

Bəqai: İranın qonşuları bir neçə gündür ABŞ ilə danışıqlarda vasitəçilik təklif edirlər

25 Mar 2026 11:09 5 baxış
IMG

İran son bir neçə gün ərzində müxtəlif ölkələrdən Tehran və Vaşinqton arasında danışıqların təşkilində vasitəçi kimi çıxış etmək təklifləri ilə bağlı sorğular alır.

"Report" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai "India Today" telekanalına müsahibəsində bildirib.

"Mən inkar edə bilmərəm ki, regionda və kənarda olan bir çox ölkələr İran və Birləşmiş Ştatlar arasında danışıqlarda vasitəçi kimi çıxış etmək təklifi ilə İrana müraciət ediblər. Mesajlar artıq bir neçə gündür gəlir. Biz bir növ danışıqlarla bağlı sorğular almışıq və onlara cavab vermişik. Bizim mövqeyimiz son dərəcə aydındır: biz müdafiə olunmağa davam edirik", - Bəqai deyib.

Onun sözlərinə görə, ABŞ və İsrailin İranla danışıqlar aparmaq niyyəti ilə bağlı bəyanatları etibara layiq deyil, çünki münaqişəni məhz onlar başladıblar.

İ.Bəqai İranın xarici işlər naziri Abbas Əraqçinin qonşu ölkələrdən olan həmkarları, o cümlədən Pakistanla apardığı danışıqlar barədə isə vurğulayıb ki, qonşuların regionda gərginliyi azaltmaq üçün xoş niyyətlərini görür.

"Pakistan, şübhəsiz ki, bizim qonşumuzdur. Digər qonşularımızla olduğu kimi, Pakistanla da yaxşı münasibətlərimiz var. Düşünürük ki, onlar xoş niyyətlidir. Xarici işlər nazirimiz qonşu ölkələrdən olan həmkarları ilə əlaqə saxlayır. Bu cür danışıqlar İran, onun qonşuları və digər dost ölkələr arasında aparılır. Biz başa düşürük ki, region dövlətləri və qonşu ölkələr nəticələrdən narahatdırlar və hər kəs vəziyyəti yumşaltmağa hansısa yolla kömək etməyə çalışır", - o əlavə edib.

"Axios" nəşrinin mənbələrə istinadən verdiyi məlumata görə, daha əvvəl ABŞ-nin martın 26-sı, cümə axşamı İranla danışıqlar təşkil etməyi planlaşdırdığı bildirilirdi, lakin İran hakimiyyəti hələlik bu təklifə reaksiya verməyib. Həmçinin bildirilib ki, ABŞ İrana hərbi əməliyyatların dayandırılması ilə bağlı 15 bənddən ibarət təklif göndərib, lakin hələ ki cavab almayıb.

Xəbər lenti