IMG-LOGO

Fatih Birol: "IEA ehtiyac yaranarsa, əlavə neft ehtiyatlarını dövriyyəyə buraxmağa hazırdır"

25 Mar 2026 11:34 4 baxış
IMG

Beynəlxalq Enerji Agentliyi (IEA) ehtiyac yaranarsa əlavə neft ehtiyatlarını dövriyyəyə buraxmağa hazırdır.

"Report" "The Times of Israel" qəzetinə istinadın xəbər verir ki, bu barədə IEA-nın rəhbəri Fatih Birol bildirib.

Qəzet yazır ki, F. Birol Tokioda bu bəyanatı Yaponiyanın Baş naziri Sanae Takaiçi bütün dünyada enerji daşıyıcılarının qiymətlərində kəskin artıma səbəb olan Yaxın Şərqdəki müharibə ilə bağlı "vəziyyətin uzanacağı təqdirdə ehtiyatlardan əlavə neftin dövriyyəyə buraxılmasının həyata keçirilməsinə hazırlaşmaq" xahişi ilə agentliyə müraciət etdikdən sonra verib.

Bu ayın əvvəlində IEA, təşkilata üzv ölkələrin Yaxın Şərqdəki müharibənin fəsadlarını yumşaltmaq üçün öz ehtiyatlarından 400 milyon barel nefti dövriyyəyə buraxacaqlarını açıqlamışdı. Bu, tarixdə ehtiyatların bu cür ən böyük buraxılması olacaq.

Lakin Fatih Birol qeyd edib ki, anbarlarda hələ də əhəmiyyətli miqdarda neft qalır.

"Ehtiyatlarımızın 80 %-i hələ də qalır. Bu 400 milyon barel ümumi ehtiyatların yalnız 20 %-ni təşkil edib. Zərurət yarandığı halda və ehtiyac duyulduqca, biz daha irəli getməyə hazırıq, lakin çox ümid edirəm ki, buna ehtiyac olmayacaq", - o deyib.

F. Birol əlavə edib ki, dünya enerji təhlükəsizliyinə qarşı ciddi təhdidlə üzləşib, lakin IEA "qlobal enerji təhlükəsizliyinin qoruyucusu" kimi öz əsas rolunu yerinə yetirməyə hazırdır.

Xəbər lenti