Minlərlə polşalı fermer paytaxt Varşavada genişmiqyaslı etiraz aksiyası keçirib.
“Report” xəbər verir ki, polşalı fermerlər növbəti etiraz aksiyasına qoşqulu traktor gətirib, qoşqunun üzərində “Aqro Abrams” yazısı ilə otdan hazırlanmış tank olub.
Etiraz aksiyası “Ulduz marşı” adlandırılıb. Şaxtaçılar da fermerlərə qoşulmağı planlaşdırırlar. Etirazçılar Varşavadan başqa, Belystok, Lyublin, Poznan və Qdinya kimi şəhərlərdə 170-dən çox yeri bağlamağı planlaşdırıblar.
Varşavada keçirilən kütləvi etiraz aksiyası zamanı hökumət aparatının rəhbərinin yerləşdiyi binaya yumurta atılıb. Bu barədə jurnalistləri hadisə yerindən reportaj hazırlayan “Interia.pl” portalı məlumat yayıb.
Məlumata görə, etirazçılar fermerlərin nümayəndələri ilə Seymin (Polşa parlamentinin aşağı palatası) sədri Şimon Holovniya arasında məsləhətləşmələrdən sonra baş nazirin ofisinə doğru hərəkət ediblər. Fermerlər ofis rəhbəri Yan Qrabeklə görüşdən əvvəl binanı yumurta atəşinə tutublar.
Varşava meriyasının son məlumatlarına görə, fevralın 27-də Polşa paytaxtında keçirilən etiraz aksiyalarında 10 minə yaxın insan iştirak edib. “Varşavaya yürüş”ün təşkilatçıları isə 30-50 min iştirakçı olduğunu bildiriblər.
Bizim Telegram kanalımıza abunə olun