Rusiya qoşunları bir gündə müxtəlif növ, 550-dən çox drondan istifadə edərək Ukrayna ərazisinə kütləvi hücumlar həyata keçirib.
"Report"un məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə özünün teleqram kanalında yazıb.
"Rusiya demək olar, bütün gün ərzində Ukraynanı "şahedlər"lə vurur. Dünən gecə kütləvi zərbə endirilib: həm raketlər, həm də "şahed"lər. Bir gündə 550-dən çox müxtəlif növ drondan istifadə edilib ki, bunların da əhəmiyyətli hissəsi "şahedlər" olub.
Bu zərbənin coğrafiyası çox genişdir. Əksər dronlar - əlbəttə 500-dən çoxu vurulsa da, təəssüf ki, Lvov, İvano-Frankovsk, Ternopol, Vinnitsa, Jitomir, eləcə də Xmelnitski vilayəti, Rovnenşin, Xarkov vilayəti və Dneprovşinə zərbələr endirilib. Təəssüf ki, ölənlər var. Ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verirəm. Aralarında beş uşaq da daxil olmaqla 40-dan çox insanın yaralandığı məlumdur. Onların hamısına zəruri yardım göstərilir", - o qeyd edib.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Ukraynanın enerji obyektlərini hədəf seçməyə davam edir, lakin Lvovun tarixi mərkəzi, Müqəddəs Andrey kilsəsi, doğum evi və yaşayış binaları da daxil olmaqla mülki infrastruktur obyektlərinə zərbələr endirilir.
"Bu hücumun miqyası Rusiyanın müharibəni həqiqətən bitirmək niyyətində olmadığını açıq şəkildə göstərir. Rusiyaya əlavə və əhəmiyyətli təzyiq olmadan, əhəmiyyətli itkiləri olmadan, Moskvada müharibəni bitirmək istəməyəcəklər", - Zelenski Rusiyanın dərinliklərinə zərbələrin endirilməsina toxunaraq qeyd edib.