Rusiya və Özbəkistan prezidentləri Vladimir Putin ilə Şavkat Mirziyoyev telefon danışığında atom enerjisi, nəqliyyat və sənaye istehsalı sahələrində bir sıra böyük layihələrin icrasını müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçıları Özbəkistanda martın 24-də Rusiya dizaynlı AES-in tikinti meydançasında beton işlərinin başlanması mərasiminin baş tutduğunu, martın 16-da isə Almalıq dağ-metallurgiya kombinatında avadanlıqları Rusiyanın aparıcı maşınqayırma müəssisələrindən alınmış üçüncü mis-zənginləşdirmə fabrikinin istifadəyə verildiyini qeyd ediblər.
Putin və Mirziyoyev həmçinin Yaxın Şərqdəki münaqişə və Ukraynadakı vəziyyət də daxil olmaqla beynəlxalq aktual məsələlərə dair fikir mübadiləsi aparıblar.
Bundan başqa, prezidentlər Rusiya ilə Özbəkistan arasında strateji tərəfdaşlıq və müttəfiqliyin möhkəmləndirilməsi istiqamətində birgə çalışmaları davam etdirmək barədə razılığa gəliblər.