Avstraliya ilə Avropa İttifaqı arasında müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlıq haqqında saziş bağlanıb, sənəd imzalandığı andan qüvvəyə minib.
"Report"un məlumatına görə, bu barədə Avstraliya hökumətinin başçısı Entoni Albaniz bəyanat verib.
Onun sözlərinə görə, sənəd kibertəhlükəsizlik, terrorizmlə mübarizə və hibrid təhdidlərdən müdafiə sahələrində birgə işin gücləndirilməsinə yönəlib.
Albaniz dəqiqləşdirib ki, əldə olunmuş razılaşmalar kəşfiyyat məlumatlarının daha geniş mübadiləsini, yaranan təhdidlərə cavab vermək üçün birgə potensialın inkişaf etdirilməsini, habelə onlayn radikallaşma və terror fəaliyyətinin maliyyələşdirilməsinə qarşı mübarizə məsələlərində koordinasiyanın gücləndirilməsini nəzərdə tutur. Bundan əlavə, hər iki tərəf kosmik təhlükəsizlik sahəsində yeni dialoqa başlamaq barədə qərar qəbul edib.
Avstraliyanın müdafiə qurumunun rəhbəri Riçard Marlz bildirib ki, bağlanmış tərəfdaşlıq silah və hərbi texnika alışı sahəsində əlavə perspektivlər açacaq:
"Bu saziş müdafiə texnologiyaları və innovasiyalar sahəsində çalışan Avstraliya müəssisələrinə avropalı tərəfdaşlarla daha sıx əlaqələr qurmaq imkanı verəcək və ölkənin hərbi-sənaye kompleksinin inkişafı üçün təməl formalaşdıracaq".
Bundan başqa, Avstraliya və Aİ azad ticarət haqqında sazişin bağlanmasına dair danışıqları yekunlaşdırıblar.