IMG-LOGO

NYT İranın Xarq adasına ehtimal edilən hücum ssenarisini açıqlayıb

24 Mar 2026 01:28 4 baxış
IMG

ABŞ müdafiə qurumunun rəhbərliyi Birləşmiş Ştatların İrandakı hərbi əməliyyatlarını təmin etmək üçün ABŞ ordusunun 82-ci hava-desant diviziyasının ümumi sayı təxminən 3 min nəfər olan briqadasının, habelə diviziya qərargahının bir sıra bölmələrinin köçürülməsi imkanlarını təhlil edir.

"Report" xəbər verir ki, bu barədə "The New York Times" nəşri Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bu növ çevik reaksiya qüvvələri 18 saat ərzində planetin istənilən nöqtəsində yerləşmək qabiliyyətinə malikdir və onlar xüsusilə İranın neft ixracatının əsas mərkəzi olan Xarq adasının ələ keçirilməsi üçün cəlb edilə bilərlər.

Nəşrin mənbələri qeyd ediblər ki, ABŞ Prezidenti Donald Tramp adanın zəbt edilməsi barədə əmr verəcəyi təqdirdə, buna paralel olaraq daha bir variant - dəniz piyadalarının 31-ci batalyonunun təxminən 2,5 min hərbi qulluqçusunun iştirakı ilə hücum əməliyyatının keçirilməsi nəzərdən keçirilir.

NYT qeyd edib ki, Xarq adasındakı uçuş-enmə zolağı ABŞ-nin son hava zərbələri zamanı zədələnib. Bu səbəbdən ABŞ hərbi komandanlığı ilkin mərhələdə mühəndis bölmələri aerodromu və müvafiq infrastrukturu operativ şəkildə bərpa edə biləcək dəniz piyadalarının çıxarılmasını məqsədəuyğun sayır.

Bunun ardınca Hərbi Hava Qüvvələri "C-130" nəqliyyat təyyarələri vasitəsilə maddi-texniki vasitələrin, təchizatın və zərurət yarandığı halda dəniz piyadalarının səylərini artırmaq üçün əlavə hərbi kontingentin çatdırılmasını təşkil etmək imkanı əldə edəcək. Rəsmi şəxslər izah ediblər ki, desantların əsas üstünlüyü onların bir gecə ərzində əməliyyat zonasına çatmaq qabiliyyətidir. Bununla belə, onların zəif tərəfi İran Silahlı Qüvvələrinin mümkün əks-hücumu zamanı müdafiəni təmin edəcək zirehli maşınlar da daxil olmaqla, ağır silahları çatdıra bilməmələridir.

Eyni zamanda, dəniz piyadaları bölmələri dözümlülük və uzunmüddətli fəaliyyət qabiliyyəti baxımından desantlardan geri qalır ki, bu da sonuncuları adanın ələ keçirilməsi üzrə əməliyyatın ilkin mərhələsi başa çatdıqdan sonra dəniz piyadalarının rotasiyası üçün optimal variant edir.

Hazırlanan planlar çərçivəsində 82-ci hava-desant diviziyasının qərargah elementinin mürəkkəb döyüş şəraitində əməliyyatların planlaşdırılması və idarə olunması üçün koordinasiya mərkəzi kimi istifadə edilməsi nəzərdə tutulur.

Xəbər lenti