ABŞ İrana qarşı hərbi əməliyyatın başlanğıcından bəri İslam Respublikasının 158 gəmisinin məhv edilməsi ilə nəticələnən zərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Tennessi ştatının Memfis şəhərində keçirilən tədbirdə çıxışı zamanı bildirib.
"Biz onların müdafiə sənayesi kompleksini darmadağın etdik, Hərbi Dəniz Qüvvələrini sıradan çıxarırıq, 158 gəmi məhv edilib", - Ağ Ev rəhbəri qeyd edib.
Bundan əlavə, Tramp İranın pilotsuz uçuş aparatları və ballistik raket buraxılışlarının sayının guya 90 %-dən çox azaldığını iddia edib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp cari danışıqlar çərçivəsində Vaşinqtonla Tehran arasında razılaşmalar əldə olunacağı təqdirdə, Hörmüz boğazının dərhal açılacağına əminliyini ifadə etmişdi. Onun sözlərinə görə, Vaşinqton Tehranla Yaxın Şərqdəki münaqişənin "tam nizamlanması" barədə "çox yaxşı" danışıqlar aparıb. Öz növbəsində, İran iddia edir ki, ABŞ ilə birbaşa təmas olmayıb.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.