ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer bu həftə İsrail, İordan çayının qərb sahilinə və İordaniyaya səfər edəcək.
"Report"un məlumatına görə, bu barədə mənbələrə istinadən CNN teleşirkəti xəbər yayıb.
Məlumata görə, Pauer Fələstin Milli Administrasiyası, İsrail, İordaniya, eləcə də beynəlxalq humanitar təşkilatların nümayəndələri ilə görüşəcək. Agentliyin sözçüsü CNN-ə bildirib ki, səfərin məqsədi Qəzzadakı mülki şəxslərin humanitar və kommersiya ləvazimatlarına çıxışını artırmaq üçün təcili ehtiyacı müzakirə etməkdir.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 200-dən çox insanın, o cümlədən uşaqlar, qadınlar və qocaların girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.
İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başladığını elan edib.
Bizim Telegram kanalımıza abunə olun