IMG-LOGO

Tom Berendsen: Hörmüz boğazında ciddi təhlükələr davam edir, tələsik qərarlardan qaçılmalıdır

16 Mar 2026 13:46 2 baxış
IMG

Avropa İttifaqı (Aİ) Hörmüz boğazının bağlanması və ümumilikdə Yaxın Şərqdəki vəziyyətlə bağlı ciddi şəkildə narahatdır, mümkün həll yolları müzakirə olunur.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Niderlandın xarici işlər naziri Tom Berendsen Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Fars körfəzində istənilən addımlar diqqətlə təhlil edilməlidir. "Bunlar ciddi qərarlardır və effektiv olmalıdır. Hələlik konkret qərar yoxdur", - nazir qeyd edib.

Berendsen həmçinin bir neçə Avropa gəmisinin göndərilməsinin problemi tez bir zamanda həll edə biləcəyinə və çox incə və həssas vəziyyəti yumşalda biləcəyinə şübhə ilə yanaşdığını deyib.

Onun sözlərinə görə, regionda gərginlik riski yüksək olaraq qalır. "İran gəmiləri istər dəniz minaları, istərsə də sualtı dronlarla hədəf ala bildiyi müddətcə Hörmüz boğazında ciddi təhlükələr var. Bu isə o deməkdir ki, hər bir addım çox diqqətlə düşünülməlidir. Niderland bütün məsələlərdə dialoqa tərəfdardır, lakin bu vəziyyətdə biz təmkinli davranmalı və tələsik qərarlar verməməliyik", - Berendsen əlavə edib.

Ukrayna məsələsinə toxunan XİN başçısı qeyd edib ki, müxtəlif maliyyələşdirmə variantları nəzərdən keçirilir. Bununla yanaşı, Niderlandın mövqeyi Macarıstanın Kiyevə kreditin ayrılması üzrə əvvəlki razılaşmadan (2026-2027-ci illərdə 90 milyard avro - red.) imtina etməməsi üçün ona təzyiqi gücləndirməkdir. Bu, Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə dair qərara da aiddir. O, bugünkü iclasda bu məsələdə irəliləyişin əldə olunacağına şübhə ilə yanaşıb.

Xəbər lenti