Ermənistanın Antikorrupsiya Məhkəməsi ölkədə hakimiyyəti ələ keçirməyə çağırışlarda və maliyyə fırıldaqlarında ittiham olunan rusiyalı iş adamı Samvel Karapetyan barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətini bir ay uzadıb.
"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Aram Vardevanyan bildirib.
Qeyd olunub ki, qətimkan tədbirinin müddətinin uzadılması məsələsinə baxılması üzrə iclas təxminən 10 saat davam edib.
Xatırladaq ki, yanvarın 17-də Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Apellyasiya Məhkəməsi girov və heç yana getməmək barədə iltizam tətbiq etməklə Karapetyanın ev dustaqlığına qaytarılması barədə qərar qəbul edib. Məhkəmə həmçinin iş adamının ictimai çağırışlar və bəyanatlarla çıxış etməsinə qoyulmuş məhdudiyyətləri aradan qaldırıb. Martın əvvəlində məhkəmə orqanı ev dustaqlığı ilə bağlı apellyasiya şikayətini də rədd edib.