İsrailin ən böyük ərəb siyasi birliyi olan "Birləşmiş siyahı" ötən həftə keçirilmiş parlament seçkilərindən sonra yeni Nazirlər Kabinetinin formalaşdırılmasını müxalifət blokunun lideri Qadi Ayzenkota tövsiyə etmək niyyətində olduğunu açıqlayıb.
"Report" AFP-yə istinadən xəbər verir ki, birliyin nümayəndələri bu qərarı bu gün axşam keçiriləcək görüşdə İsrail Prezidenti İsxak Hersoqa bildirməyi planlaşdırırlar.
Hersoq çərşənbə günü axşam parlament fraksiyaları ilə məsləhətləşmələrə başlayıb. O, partiya liderlərinə müraciət edərək, növbəti seçkilərin qarşısını almaq üçün heç də bütün öhdəliklərin və vədlərin yerinə yetirilə bilməyəcəyini nəzərə almağa çağırıb.
Baş nazir Benyamin Netanyahunun tərəfində çıxış edən üç fraksiya koalisiya hökumətini qurmaq hüququnun ona həvalə edilməsini təklif edib. Bununla yanaşı, Netanyahunun keçmiş silahdaşının rəhbərlik etdiyi daha bir fraksiya Ayzenkotu dəstəklədiyini bildirib.
Cümə axşamı dövlət başçısı daha səkkiz partiyanın, o cümlədən iki ərəb birliyinin nümayəndələri ilə danışıqlar aparmalıdır. Məsləhətləşmələr qrafikində yekun olaraq Ayzenkotun "Yaşar" partiyası və Netanyahunun "Likud" partiyası ilə görüşlər planlaşdırılıb.
Oktyabrın 27-də keçirilən seçkilərin nəticələrinə əsasən, iki blokdan heç biri parlamentdə çoxluq əldə edə bilməyib. Netanyahunun "Likud" partiyası və onun müttəfiqləri Knessetdəki 120 yerdən 53-nü tutub, Ayzenkotun "Yaşar" partiyası və digər üç müxalifət partiyası isə 48 mandat alıb.
Daha 19 yeri iki ərəb birliyi - "Birləşmiş ərəb siyahısı" və "Birləşmiş siyahı" qazanıb. Onların dəstəyi hökumətin formalaşdırılmasında həlledici ola bilər.
Mənbə: report.az