Türkiyə Milli Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə qurumun "X" sosial səhifəsində məlumat paylaşılıb.
Məlumatda bildirilib ki, İrandan atılaraq Türkiyənin hava məkanına daxil olan bir ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib:
"Ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş hər cür təhdidə qarşı bütün lazımi tədbirlər qətiyyətlə və tərəddüdsüz şəkildə görülür, hadisənin bütün aspektləri ilə aydınlaşdırılması üçün müvafiq ölkə ilə danışıqlar aparılır. Milli təhlükəsizliyimiz prioritet olmaqla bölgədəki bütün hadisələr diqqətlə izlənilir və qiymətləndirilir".
10:15
Bu gecə yerli vaxtla saat 03:30-dan etibarən sosial mediada əks olunan görüntülərdə Türkiyənin Adana vilayətinin hava məkanında yanaraq düşən bəzi cisimlər görünüb.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesinə dair ciddi paylaşımları ilə tanınan "savunmasanayiST.com" səhifəsi məlumat yayıb.
"Bu cisimlərin İrandan Türkiyəyə atılan 3-cü bir ballistik raketin NATO-ya aid hava hücumundan müdafiə sistemləri (HHM) tərəfindən məhv edilməsi nəticəsində atmosferə daxil olaraq yanan və düşən hissələrə aid olduğu qiymətləndirilir", - məlumatda qeyd olunub.
Hadisə zamanı hər hansı partlayışın baş vermədiyi bildirilib.
Bundan öncə də İrandan atılan iki ballistik raket Türkiyə hava məkanını pozduğu üçün NATO-ya məxsus HHM sistemi vasitəsilə zərərsizləşdirilib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.