Vəkillər dövlət və vətəndaşlar arasında körpü rolunu oynayırlar.
"Report" xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev vəkilliyə yeni qəbul olunan şəxslərin andiçmə mərasimində deyib.
O bildirib ki, vəkillər ədalət mühakiməsinin həyata keçirilməsində və müdafiəçi olaraq cəmiyyət üçün vacib şəxslərdir: "Cəmiyyətdə vəkillərə böyük etimad göstərilir. Ədalət mühakiməsinin həyata keçirilməsində, hakimlərin obyektiv qərara gəlməsində onların zəhməti var".
F.Abdullayev əlavə edib ki, ədalət mühakiməsində müasir texnologiyaların tətbiqi dövrün tələbidir: "Müasir dövrdə məhkəmə-hüquq sisteminin, o cümlədən ədalət mühakiməsinin inkişafı hüquqi islahatlarla yanaşı, həm də texnoloji inkişafdan çox asılıdır".
O bildirib ki, müasir dövrün çağırışları, sürətlə inkişaf edən rəqəmsallaşma, yeni texnologiyaların, xüsusilə də süni intellektin tətbiqi məhkəmə sistemlərindən daim adaptasiya olunmağı, yeni yanaşmaların tətbiqini tələb edir. Vəkillər bilik və bacarıqlarını bu sahədə də göstərəcəklər".