Avropa İttifaqı (Aİ) müharibədən zərər çəkmiş insanlara dəstək üçün 83 milyon avro məbləğində humanitar yardım göstərəcək və vəsaitin böyük hissəsi Ukraynaya ayrılacaq.
“Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının səhifəsində məlumat verilib.
“Rusiyanın Ukraynanın energetika və mülki infrastrukturuna, xəstəxanalara, məktəblərə və elektrik şəbəkələrinə məqsədyönlü hücumları insanların əsas xidmətlərə çıxışını ciddi şəkildə əngəlləyir. Hər yeni hücumla daha çox ukraynalı evsiz qalır və şaxtalı hava şəraitində köməyə və sığınacağa ehtiyac duyur”, - məlumatda deyilir.
Qeyd olunur ki, Ukraynada 14,6 milyon insan humanitar yardıma ehtiyac duyur.
Avropa Komissiyasından bildirilib ki, humanitar yardıma ayrılan 83 milyon avrodan 75 milyonu Ukraynadakı humanitar layihələrə yönəldiləcək. Buraya sığınacaq, mühafizə xidmətləri, təmiz su, təhsil və səhiyyə kimi əsas ehtiyaclara çıxış daxil olmaqla, təcili yardımın təmin edilməsinə aiddir.
Bizim Telegram kanalımıza abunə olun