XIII Qlobal Bakı Forumu dünya üçün asan olmayan bu dövrlərdə təhlükəsizlik və enerji məsələlərinin müzakirəsi üçün mühüm platforma olacaq.
"Report"un məlumatına görə, bunu Bolqarıstanın sabiq baş naziri Kirill Petkov (2021–2022) Bakıdakı forumdan əvvəl jurnalistlərə bildirib.
O, Azərbaycan Prezidenti İlham Əliyevə tədbirə qatılmaq üçün dəvətə görə minnətdarlığını ifadə edib:
"Mən Prezident İlham Əliyevə forumda iştirak etmək üçün dəvətə görə çox minnətdaram. Bolqarıstanın keçmiş baş naziri kimi burada olmağıma şadam. İndi dünya, region və həmkarlarla fikir mübadiləsi üçün mühüm dövrlərdir. Hesab edirəm ki, konfrans çox yaxşı təşkil olunub".
K.Petkov, həmçinin Bolqarıstanın Azərbaycanın dostu olduğunu vurğulayıb və qarşıdakı müzakirələrin əhəmiyyətini qeyd edib: "Yaxın bir neçə gün ərzində son vaxtlar həlledici əhəmiyyət kəsb edən təhlükəsizlik və enerji məsələlərinin müzakirəsi üçün çox səmərəli görüşləri səbirsizliklə gözləyirəm".