IMG-LOGO

Valdis Zatlers: Müasir dünya böhranlarını yalnız güc yolu ilə həll etmək mümkün deyil

12 Mar 2026 09:42 7 baxış
IMG

Müasir dünya böhranlarını güc metodları ilə nizamlamaq getdikcə çətinləşir, çünki hərbi güc artıq münaqişələrin nəticəsini müəyyən edən yeganə amil deyil.

"Report" xəbər verir ki, bu barədə Latviyanın sabiq prezidenti Valdis Zatlers (2007-2011-ci illər) XIII Qlobal Bakı Forumunun kuluarlarında jurnalistlərə bildirib.

Onun sözlərinə görə, böhran yaratmaq, onun öhdəsindən gəlməkdən qat-qat asandır və müasir siyasətin əsas çətinliklərindən biri məhz budur: "Biz öz səhvlərimizdən və başqalarının səhvlərindən öyrənməliyik - bu, günümüzün əsas problemlərindən biridir".

Onun fikrincə, son 10 ilin təcrübəsi göstərib ki, bir çox siyasi məsələləri yalnız güc yolu ilə həll etmək mümkün deyil: "Söhbət yalnız hərbi gücdən deyil, həm də asimmetrik balans yaratmaq imkanından gedir. Bu gün biz elə bir balans şəraitində yaşayırıq ki, hətta kiçik ordular və dövlətlər daha böyüklərinə qarşı dura bilirlər. Bununla yanaşı, hər bir millətin tarixi xüsusiyyətlərini nəzərə almaq lazımdır".

Sabiq prezident həmçinin qeyd edib ki, forum keçirildiyi illər ərzində əhəmiyyətli dərəcədə böyüyüb və qlobal problemlərin müzakirəsi üçün mühüm beynəlxalq platformaya çevrilib:

"Mən bu forumun əhəmiyyətinin ildən-ilə necə artdığını müşahidə edirəm. Bu il biz buraya problemləri müzakirə etməyə və həll yolları axtarmağa hazır olan bir ailə kimi toplaşmışıq. Bu, həqiqətən də çox dəyərli bir hadisədir. Azərbaycana hamımızı qəbul etdiyinə və qonaqpərvərliyinə görə təşəkkür edirik".

Xəbər lenti