IMG-LOGO

İran böhranından ən çox hansı sahələr zərər çəkəcək?

10 Mar 2026 15:50 5 baxış
IMG

İran ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar ən çox risklərə məruz qalan sahələr - infrastruktur, turizm, aviasiya sahəsi və daşınmaz əmlak bazarıdır.

"Report" xəbər verir ki, bunu "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin Baş direktoru Redmond Ramsdeyl bildirib.

O vurğulayıb ki, Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası (GCC) ölkələrinin banklarının infrastruktur sektoruna cəlb olunması əsasən dövlət layihələri ilə bağlıdır.

"Məhz buna görə də bu cür bağlılıq mahiyyət etibarilə bank strukturlarına müəyyən səviyyədə müdafiə təmin edir. Bəli, bu istiqamət özündə risklər daşıyır, lakin çox güman ki, o, bank sistemi üçün əhəmiyyətli təzyiq mənbəyinə çevrilməyəcək. Turizm və aviasiyaya gəldikdə, hava məkanının uzunmüddətli bağlanması, daha böyük dərəcədə isə regionun təhlükəsizliyi ilə bağlı təsəvvürlərin dəyişməsi nəticəsində bu sahələr şübhəsiz ki, ciddi itkilərə məruz qala bilər. Bütün GCC dövlətləri iqtisadiyyatın şaxələndirilməsi və neftdən asılılığın azaldılması strategiyası çərçivəsində turizm sahələrini intensiv şəkildə genişləndirirlər. Bununla belə, BƏƏ və ilk növbədə Dubay, bu yolda digərlərindən xeyli irəli getdikləri üçün ən həssas həlqə kimi fərqlənirlər. Onların turizm sektoru ən yetkinidir. Amma burada da nəzərə almaq lazımdır ki, banklar üçün bu, kredit portfelinin nisbətən kiçik bir hissəsidir", - R.Ramsdeyl deyib.

Baş direktorun fikrincə, mövcud ehtiyat həcmləri və analoji qoruyucu mexanizmlər potensial mənfi nəticələri yumşaltmağa imkan verməlidir. Bununla yanaşı, əgər böhran uzun çəkərsə, bu, tədricən maliyyə nəticələrində öz əksini tapmağa başlaya bilər.

"Tamamilə aydındır ki, daşınmaz əmlak sektoru digər istiqamətlərlə müqayisədə bankların əhəmiyyətli dərəcədə daha böyük ekspozisiyaya malik olduğu sahədir. Bu, həmin regionun xarakterik cəhətidir. Lakin vəziyyət ölkədən-ölkəyə fərqlənir. Məsələn, Küveyti nəzərdən keçirsək, məhdud təklif həcminə, genişmiqyaslı xarici mənzil mülkiyyətinin olmamasına və bir sıra digər amillərə görə görünür ki, orada risk səviyyəsi daha aşağıdır. Eyni zamanda BƏƏ, böyük ehtimalla, yüksək risk zonasındadır, çünki orada tikinti fəallığı son dərəcə yüksək templərlə artırdı. Aydındır ki, xarici mütəxəssislərin davamlı kənara axını halında, bu, bazara təzyiq yarada, qiymət korreksiyasına və digər mənfi nəticələrə təkan verə bilər. Çox şey bu münaqişənin hansı şəkildə inkişaf edəcəyindən asılı olacaq", - o əlavə edib.

Xəbər lenti