Martın 6-dan 9-dək Hörmüz boğazından yalnız iki neft və bir neft məhsulları tankeri keçib, Fars körfəzindəki tankerlərin təxminən 77 %-i əvvəlki kimi lövbərdə dayanır və ya liman terminallarının yanalma körpülərinə yan alıb.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Eyler Analitik Texnologiyalar" SC-nin dəniz gəmilərinin izlənilməsi xidmətləri əsasında hazırladığı monitorinqdə deyilir.
Ekspertlərin hesablamalarına görə, Fars körfəzindəki tankerlərin göyərtəsində karbohidrogenlərin həcmi 22,7 milyon tona qədər artıb, bunun 17,3 milyon tonu neftin payına düşür. Hazırda regionda 141 neft tankeri, 133 neft məhsulları tankeri və 17 LNG tankeri var.
Analitiklər əlavə ediblər ki, neft məhsulları tankerləri daha aktiv şəkildə neftlə yüklənməyə başlayıb. "Əlavə olaraq qeyd edirik ki, Fars körfəzində neftin aşırılma həcmləri yalnız BƏƏ-də normal səviyyədə qalmaqda davam edir, Səudiyyə Ərəbistanı, İraq və Küveytdə isə onlar normal göstəricilərdən 2 dəfədən çox aşağı düşüb", - analitik materialda qeyd olunur.