"Fitch Ratings" beynəlxalq reytinq agentliyi hesab edir ki, yaxın perspektivdə islam maliyyəsinin Azərbaycan banklarının klassik fondlaşdırma modellərinə təsiri cüzi olaraq qalacaq.
Bu barədə "Report"a "Fitch Ratings"in Baş direktoru Olqa İqnatyeva bildirib.
O.İqnatyeva xatırladıb ki, Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ildən etibarən islam bankçılığı məhsullarının tətbiqinə başlamaq niyyətini açıqlayıb: "İlkin mərhələdə zəruri qanunvericilik və tənzimləmə islahatlarının hazırlanması ilə yanaşı, fəaliyyət göstərən kommersiya banklarında "islam pəncərələri" formatından istifadə nəzərdə tutulur".
Onun qiymətləndirməsinə görə, bu cür mərhələli və ölçülmüş yanaşma bazarda real tələbi sınaqdan keçirməyə və islam maliyyəsi prinsiplərinə uyğun məhsullar haqqında məlumatlılığı artırmağa imkan verəcək.
"Uğurun həlledici amilləri tənzimləmə aydınlığı və bazar iştirakçılarının maarifləndirilməsi olacaq: şəriət normaları üzrə hərtərəfli idarəetmə, nəzarət orqanlarının dəqiq tövsiyələri, eləcə də əlverişli hüquqi və vergi bazası seqmentin artımı, investorların etimadı və maliyyə sabitliyi üçün vacib olacaq. Məhsulların ardıcıl strukturlaşdırılması, məlumatların şəffaf açıqlanması, həmçinin pərakəndə və korporativ müştərilərlə aktiv iş də zamanla islam maliyyəsinə etimadı formalaşdırmağa kömək etməlidir", - O.İqnatyeva deyib.
Baş direktor qeyd edib ki, praktiki icra əməliyyat baxımından mürəkkəb və resurs tutumlu ola bilər, çünki bank qurumları idarəetmə, risk-menecment və komplayens prosedurlarını yenidən qurmalı, informasiya sistemlərini və hesabatlılığı modernləşdirməli, həmçinin şəriət tələblərini yerinə yetirmək üçün daxili bacarıqlarını artırmalı və əməkdaşların hazırlığını həyata keçirməli olacaqlar.
"Ümumilikdə, "İslam pəncərələri" məhsul təklifini genişləndirə və zamanla fondlaşdırmanın şaxələndirilməsini dəstəkləyə bilər, lakin biz yaxın perspektivdə bankların ənənəvi fondlaşdırma profillərinə tədricən tətbiq və məhdud təsir gözləyirik", - O.İqnatyeva bildirib.
Xatırladaq ki, AMB ölkədə İslam bankçılığı məhsullarının tətbiqi üçün "İslam pəncərəsi" modelinin işə salınması üzrə yol xəritəsi hazırlayıb. İslam maliyyələşməsi vəsaitlərin cəlb edilməsi üçün alternativ mexanizm kimi mövqeləndirilir və Mərkəzi Bankın strateji prioritetləri siyahısına daxildir.
Hazırlıq işləri çərçivəsində beynəlxalq təcrübə artıq təhlil edilib və Azərbaycan üçün optimal tətbiq formatı seçilib. İlkin mərhələdə müstəqil mütəxəssislər "İslam pəncərəsi" formatında İslam maliyyələşməsinin məqbul məhsullarının siyahısını formalaşdıracaq, bundan sonra peşəkar maliyyə assosiasiyaları və beynəlxalq ekspertlərlə aparılan məsləhətləşmələrin nəticələrinə əsasən hazırlanmış baza alətləri tətbiq ediləcək.