Texnologiya sahəsində fəaliyyət göstərən BGR nəşrinin jurnalistləri bahalı və ucuz smartfonlar arasındakı əsas fərqləri açıqlayıblar.
Lent.az xəbər verir ki, bununla bağlı material nəşrin rəsmi saytında dərc olunub.
Mütəxəssislərin sözlərinə görə, flaqman və ucuz telefonlar arasındakı ən böyük fərq prosessorun sinfi və gücü ilə bağlıdır. Bundan əlavə, operativ yaddaşın həcmi və qrafik prosessor da cihazın performansında mühüm rol oynayır.
Jurnalistlər bildirirlər ki, premium səviyyəli smartfonlarda ən çox istifadə olunan çiplər Snapdragon, Tensor, Exynos və Dimensity modelləridir. Bu prosessorlar daha yüksək performans və sürətli işləmə imkanı təqdim edir.
Qeyd olunur ki, flaqman smartfonlar adətən minimum 12 GB operativ yaddaşa malik olur. Bu isə cihazın eyni anda bir neçə tətbiqi açıq saxlaya bilməsinə və sürətli işləməsinə şərait yaradır. Əksinə, 4 GB operativ yaddaşı olan telefonlar çox vaxt daha yavaş işləyir və eyni anda bir neçə tətbiqi problemsiz idarə edə bilmir.
Bahalı smartfonların digər fərqləndirici xüsusiyyətlərindən biri də yüksək keyfiyyətli displeylərdir. Bu cihazlarda daha parlaq, rəngləri daha dəqiq göstərən və yüksək yenilənmə tezliyinə malik ekranlardan istifadə olunur.
Kamera sistemi də mühüm fərqlərdən biridir. Ucuz modellər adətən daha sadə kamera ilə təchiz edilir. Flaqman cihazlar isə bir neçə obyektivdən ibarət kamera sisteminə malik olur və bəzən çəkiliş keyfiyyəti peşəkar fotoaparatlara yaxın olur.
Bununla belə, mütəxəssislər qeyd edirlər ki, gündəlik əsas funksiyalar – zəng etmək, mesajlaşmaq və sosial şəbəkələrdən istifadə etmək kimi sadə əməliyyatlarda bahalı və ucuz smartfonlar arasında böyük fərq hiss olunmaya bilər. Buna görə də telefonu yalnız bu məqsədlər üçün istifadə edənlər üçün flaqman model almaq zəruri deyil.
texno