IMG-LOGO

BMT rəsmisi: "Azərbaycanın təcrübəsi bütün dünyada digər dövlətlər üçün qabaqcıl nümunə olmalıdır"

20 Nov 2026 17:50 15 baxış
IMG

Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmisi Azərbaycanın rəqəmsal hökumətin inkişafı sahəsində əldə etdiyi nəticələri yüksək qiymətləndirərək ölkənin təcrübəsinin həm regionda, həm də dünya miqyasında digər dövlətlər üçün nümunə ola biləcəyini bildirib.

Bu barədə BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin (UN DESA) Dövlət İnstitutları və Rəqəmsal Hökumət Bölməsinin Rəqəmsal Hökumət şöbəsinin rəhbəri Vinçenzo Akvaro noyabrın 19-da Nyu-Yorkda, BMT-nin mənzil-qərargahında 2026-cı il Elektron Hökumət Sorğusunun təqdimatına həsr olunmuş mətbuat konfransında danışıb. O, Azərbaycanın son iki ildə əldə etdiyi irəliləyişlə bağlı sualı cavablandırıb.

BMT-nin açıqladığı Elektron Hökumətin İnkişafı İndeksində (EHİİ) Azərbaycan 2024-cü ildəki 74-cü yerdən cari ildə 38-ci yerə yüksəlib. Beləliklə, ölkə reytinqdə 36 pillə irəliləyib. EHİİ göstəricisi 0,7607-dən 0,8847-yə çataraq 16,3 faiz artıb.

Vinçenzo Akvaro bu yüksəlişi şərh edərkən bildirib:

"Azərbaycan 2024–2026-cı illər ərzində əhəmiyyətli irəliləyiş əldə etmiş ölkələr sırasındadır. 2024-cü ildə ölkə 74-cü yerdə idisə, indi 38-ci yerdədir. Bu, həqiqətən də təsiredici sıçrayışdır.

Buna bir sıra əsas amillər töhfə verib. İlk növbədə, biz ölkə rəhbərliyinin güclü iradəsini, eləcə də inkişafı dəstəkləyən effektiv normativ-hüquqi bazanı qeyd edirik. Söhbət təkcə kadr potensialından, siyasət və strategiyadan deyil, həm də investisiyalardan gedir: artıq qeyd olunduğu kimi, Azərbaycan bu istiqamətə əhəmiyyətli vəsait yatırıb.

Azərbaycan həqiqətən də çox maraqlı ölkədir və mən əminəm ki, bu ölkənin təcrübəsi həm regionda, həm də bütün dünyada digər dövlətlər üçün qabaqcıl təcrübə nümunəsi olmalıdır."

Qeyd edək ki, Azərbaycan "Çox yüksək EHİİ" kateqoriyasındakı mövqeyini möhkəmləndirərək Avstriya, Yaponiya, Kanada və İsrailin də daxil olduğu V3 altqrupuna keçib. Bu nəticə ölkənin rəqəmsal dövlət xidmətləri, telekommunikasiya infrastrukturu və insan kapitalı istiqamətlərində inkişafının beynəlxalq qiymətləndirmədə əksini tapdığını göstərir.

BMT-nin iki ildən bir hazırladığı EHİİ üç əsas komponentə - Onlayn Xidmətlər İndeksi (OSI), Telekommunikasiya İnfrastrukturu İndeksi (TII) və İnsan Kapitalı İndeksinə (HCI) əsaslanır. 2026-cı il sorğusunda dövlət xidmətlərinin inteqrasiyası, vətəndaşların həyat hadisələrinə uyğun xidmətlər və süni intellekt əsaslı həllər də diqqət mərkəzində olub.

Mənbə: report.az

Xəbər lenti