Filippinin paytaxtı Manilada Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Parlament Assambleyasının 47-ci illik sessiyası çərçivəsində Gürcüstanla bağlı dinləmələr keçirilib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Dinləmələrdə Gürcüstanın Orta Dəhlizdəki rolu, enerji təhlükəsizliyi, eləcə də Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin inkişafı müzakirə olunub.
Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze çıxışında Orta Dəhlizin əhəmiyyətini, ölkəsinin bu marşrutdakı strateji mövqeyini və Qara dəniz sualtı kabeli layihəsini xüsusi vurğulayıb.
O, həmçinin Avropa ilə Asiya arasında nəqliyyat və rəqəmsal əlaqələrin inkişafı, Gürcüstanın enerji təhlükəsizliyindəki rolu, ölkənin iqtisadi, siyasi və sosial vəziyyəti, eləcə də həyata keçirilən islahatlar barədə məlumat verib.
Samxaradze Gürcüstanın ərazi bütövlüyü, işğal olunmuş ərazilərdəki vəziyyət və Rusiyanın beynəlxalq hüququ, eləcə də insan hüquqlarını pozması məsələlərinə də toxunub.
Onun sözlərinə görə, ASEAN Parlament Assambleyasına üzv ölkələrin nümayəndə heyətləri Gürcüstanın ərazi bütövlüyünə dəstək ifadə edib, ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.
Görüşdə Gürcüstanla Cənub-Şərqi Asiya ölkələri arasında vizasız gediş-gəliş imkanları, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və ikitərəfli münasibətlərin inkişafı məsələləri də müzakirə edilib.
Dinləmələrdə Filippin, Sinqapur, Tayland, Malayziya, Vyetnam, Kamboca, Laos və Bruney parlamentlərinin nümayəndə heyətləri, həmçinin Gürcüstanın İndoneziyadakı səfiri və ASEAN-dakı missiyasının nümayəndəsi Tornike Nozadze iştirak edib.
Mənbə: report.az