IMG-LOGO

Cənubi Koreya Gəncədə "ağıllı istixana" layihəsini dəstəkləyəcək

20 Nov 2026 19:21 12 baxış
IMG

Koreya dekabr ayında Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində "ağıllı istixana" layihəsini dəstəkləməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə Cənubi Koreyanın Azərbaycandakı səfiri Kan Kimqu ölkəsinin Dövlət Yaranma Günü və Silahlı Qüvvələr Günü münasibətilə keçirilən qəbulda bildirib.

Onun sözlərinə görə, iki ölkənin əməkdaşlığı energetika, təhsil, səhiyyə və kənd təsərrüfatı sahələrində inkişaf edir. İyun ayında "Caspian Agro" sərgisində on Koreya şirkəti iştirak edib ki, bu da sərgi tarixində Koreyanın ən genişmiqyaslı iştirakı olub.

Səfir xatırladıb ki, ilin əvvəlində "Samsung E&A" şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) enerji əməkdaşlığını gücləndirmək üçün anlaşma memorandumu imzalayıblar.

Təhsil sahəsində diplomat Bakı Dövlət Universitetində Cənubi Koreyanın kibertəhlükəsizlik avadanlıqları ilə təmin etdiyi yeni Kompüter Elmləri Mərkəzinin açılışını qeyd edib. O, bu dəstəyin tələbələr üçün daha təhlükəsiz rəqəmsal təhsil mühiti yaratmağa kömək edəcəyinə ümidvar olduğunu bildirib.

Oktyabr ayında 8 azərbaycanlı tibb mütəxəssisi ənənəvi Koreya təbabətini öyrənmək üçün həmin ölkəyə səfər edib. Səfər çərçivəsində tərəfdaş qurumlar anlaşma memorandumu imzalayıblar. Bundan əlavə, gələn həftə səfirlik Bakıdakı uşaq xəstəxanalarından birinə yeni tibbi avadanlıq təhvil verəcək.

"Bu layihələr miqyasına və təyinatına görə fərqlənir, lakin onların hamısı bir məqsədə xidmət edir. Biz istəyirik ki, dostluğumuz hər iki ölkənin insanlarına konkret fayda versin", - səfir vurğulayıb.

Siyasi dialoqdan danışan o, xarici işlər nazirlərinin aprel ayında baş tutmuş telefon danışığını və iyun ayında Bakıda iki ölkənin Xarici İşlər Nazirlikləri arasında keçirilmiş beşinci siyasi məsləhətləşmələri xatırladıb. Bu il Azərbaycana həmçinin Koreyadan iki parlament nümayəndə heyəti səfər edib.

Diplomatın sözlərinə görə, Azərbaycandakı koreyalı tələbələrin sayı bir il ərzində 11-dən 23 nəfərədək artıb, Koreyada isə 200-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Bu il səfirlik Qlobal Koreya Təqaüd Proqramında (GKS) iştirak etmək üçün altı tələbə seçib.

O, həmçinin Beynəlxalq Münasibətlərin Təhlili və Kommunikasiyalar Mərkəzi ilə birgə Orta Dəhliz üzrə keçirilmiş seminarı da qeyd edib. Koreyalı alimlər və azərbaycanlı ekspertlər Asiya ilə Avropa arasındakı əlaqələri və Koreyanın marşrutun inkişafına mümkün töhfəsini müzakirə ediblər.

Səfir əlavə edib ki, bu il Koreyanın Azərbaycandakı səfirliyinin açılmasından 20 il ötür. Çıxışının sonunda o, çoxillik diplomatik xidmətdən sonra qarşıdan gələn təqaüdə çıxması barədə məlumat verib.

"Mən xüsusilə şadam ki, sonuncu diplomatik təyinatım məhz Azərbaycanda baş tutdu", - o, əməkdaşlığa və qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təşəkkür edərək bildirib.

Tədbirdə dövlət qurumlarının, diplomatik korpusun nümayəndələri və rəsmi şəxslər iştirak ediblər.

Qəbul çərçivəsində iştirakçılar Cənubi Koreyanın mədəni ənənələri ilə tanış olub. Ənənəvi Koreya geyimi hanbokun nümayişi keçirilib. Qonaqlara həmçinin Koreya mətbəxi və Cənubi Koreyanın müasir kokteyl mədəniyyəti nümayiş etdirilib.

Mənbə: report.az

Xəbər lenti