İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) bir sıra innovativ süni intellekt həllərinin işlənib hazırlanması və tətbiqi istiqamətində fəaliyyət göstərir.
"Report" xəbər verir ki, bunu DVX-nin Data analitika idarəsinin rəisi Roman Bandurin "Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar" forumunda bildirib.
Onun sözlərinə görə, hazırda DVX çərçivəsində bir neçə innovativ süni intellekt həllinin layihələndirilməsi və praktikaya tətbiqi üzrə işlər həyata keçirilir: "Vergi risklərinin təhlili və vergi ödəyicilərinin davranış analizi sistemi vasitəsi ilə potensial risk daşıyan vergi ödəyicilərinin aşkar edilməsinə və vergi risklərinin hərtərəfli təhlilinə imkan yaranacaq. Qraf verilənlər bazasının tətbiqi iqtisadi əlaqələrin – həm gizli, həm də açıq-aşkar olan münasibətlərin, eləcə də riskli tranzaksiya şəbəkələrinin analiz edilməsi imkanı təmin edəcək. Vergi müfəttişləri üçün multi-agent sistemi kameral yoxlamalar prosesində daxil olan böyük həcmli məlumatların təhlili məqsədilə tətbiq olunacaq".
R. Bandurin vurğulayıb ki, sözügedən sistem müfəttişlərin əvəzlənməsi məqsədi daşımır: "Əksinə, kopilot rejimində, yəni assistent rejimində fəaliyyət göstərməlidir. Bu sistem və müfəttişlərin rutin tapşırıqlara sərf etdiyi vaxtı azaldaraq daha innovativ qərarlar qəbul etmələrinə, daha dərindən təhlillər aparmalarına şərait yaradacaq".