2025-ci ilin nəticələrinə görə Azərbaycanda vergi öhdəliyinə könüllü əməletmə göstəricisi 92,6 % təşkil edib.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Bakıda keçirilən "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" adlı forumda bildirib.
Onun sözlərinə görə, bu, 2019-cu ilə müqayisədə 2,1 dəfə çoxdur.
O.Nəzərli əlavə edib ki, ötən il iqtisadi fəallığın əsas göstəricilərindən biri olan aktiv vergi ödəyicilərinin sayı 6,5 % artaraq 860 minə yaxınlaşıb: "Bu, 2019-cu illə müqayisədə isə 73,2 % çoxdur".
"2025-ci il qlobal siyasi və iqtisadi qeyri-müəyyənliklər fonunda Azərbaycan iqtisadiyyatı üçün sabitliyin və çevik uyğunlaşmanın ön plana çıxdığı bir il olub. Bu mürəkkəb şəraitdə fiskal dayanıqlığın qorunması və dövlət gəlirlərinin davamlı təmin edilməsi əsas prioritetlərdən biri idi. Görülən tədbirlər nəticəsində fiskal daxilolmalarda müsbət dinamika əldə olunub", - deyə Xidmət rəisi əlavə edib.