IMG-LOGO

Samir Şərifov: "Məqsədimiz iqtisadiyyata nəzarətdən tam imtina etmək deyil"

05 Mar 2026 10:39 4 baxış
IMG

Azərbaycan hökumətinin məqsədi iqtisadiyyata nəzarət funksiyasından tam imtina etmək deyil.

"Report" xəbər verir ki, bunu baş nazirin müavini Samir Şərifov Bakıda keçirilən "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" adlı forumda bildirib.

Onun sözlərinə görə, ​bu gün dövlət-biznes münasibətləri yeni mərhələyə qədəm qoyur: "İqtisadi inkişaf yalnız inzibati tənzimləmə ilə deyil, etimada əsaslanan münasibətlər sistemi ilə mümkündür. Proqnozlaşdırıla bilən siyasət, aydın qaydalar və sabit yanaşma sahibkarlıq mühitinin əsas göstəriciləridir. Hökumətin məqsədi nəzarət funksiyasından tam imtina etmək və yaxud onu minimuma endirmək deyil, hədəf onu daha ağıllı, daha səmərəli və iqtisadi proseslərə uyğun formata çevirməkdir. "Kölgə iqtisadiyyatı"nın azaldılması da məhz bu sistemli və institusional yanaşmanın nəticəsi olaraq dəyərləndirilməlidir."

"Büdcə-fiskal siyasətində prioritetlərin düzgün müəyyən edilməsi, xərclərin səmərəliliyi və qeyri-neft gəlir mənbələrinin gücləndirilməsi bu mərhələdə xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə vergi siyasəti, vergiləri yalnız fiskal yığımların maksimallaşdırılması aləti kimi deyil, daha çox iqtisadi davranışları formalaşdıran, investisiya qərarlarına təsir göstərən və sosial balansı təmin edən mühüm vasitə kimi mövqeləndirilməlidir. Yəni vergilər və icbari sosial ödənişlər iqtisadi fəallığı boğmamalı, əksinə, onu mümkün dərəcədə təşviq etməli, eyni zamanda sosial öhdəliklərin maliyyələşdirilməsi və ictimai rifahın qorunması üçün etibarlı resurs bazasını yaratmalıdır", - deyə hökumət rəsmisi qeyd edib.

Xəbər lenti