IMG-LOGO

Samir Şərifov: "Hökumətin məqsədi nəzarəti ləğv etmək deyil, onu daha çevik formaya keçirməkdir"

05 Mar 2026 10:42 4 baxış
IMG

Azərbaycan hökumətinin məqsədi iqtisadiyyatda nəzarət funksiyasından tam imtina etmək deyil, onu daha çevik və səmərəli formata keçirməkdir.

"Report" xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" forumunda deyib.

Onun sözlərinə görə, dövlət-biznes münasibətləri yeni mərhələyə qədəm qoyur:

"İqtisadi inkişaf yalnız inzibati tənzimləmə ilə deyil, etimada əsaslanan münasibətlər sistemi ilə mümkündür. Proqnozlaşdırıla bilən siyasət, aydın qaydalar və sabit yanaşma sahibkarlıq mühitinin əsas göstəriciləridir. Hökumətin məqsədi nəzarət funksiyasından tam imtina etmək və ya onu minimuma endirmək deyil, hədəf onu daha ağıllı, daha səmərəli və iqtisadi proseslərə uyğun formata çevirməkdir".

Baş nazirin müavini vurğulayıb ki, kölgə iqtisadiyyatının azaldılması da məhz sistemli və institusional yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir.

S. Şərifov qeyd edib ki, hazırkı mərhələdə büdcə-fiskal siyasətdə prioritetlərin düzgün müəyyənləşdirilməsi, xərclərin səmərəliliyinin artırılması və qeyri-neft gəlir mənbələrinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, vergi siyasəti yalnız fiskal yığımların maksimallaşdırılması aləti kimi yox, iqtisadi davranışları formalaşdıran, investisiya qərarlarına təsir göstərən və sosial balansı təmin edən mühüm mexanizm kimi qiymətləndirilməlidir:

"Vergilər və icbari sosial ödənişlər iqtisadi fəallığı boğmamalı, əksinə, onu təşviq etməlidir. Eyni zamanda sosial öhdəliklərin maliyyələşdirilməsi və ictimai rifahın qorunması üçün etibarlı resurs bazası formalaşdırılmalıdır".

Xəbər lenti