Azərbaycanın şoklara qarşı maliyyə-institusional bazası möhkəmlənib.
"Report" xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov Bakıda keçirilən "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" adlı forumda bildirib.
Onun sözlərinə görə, ölkəmizin ərazi bütövlüyünün bərpası yerləşdiyimiz regionda yeni geosiyasi və iqtisadi reallıqlar formalaşdırıb, aparılmış islahatlar və həyata keçirilmiş proqramlar nəticəsində makroiqtisadi sabitlik və fiskal dayanıqlıq təmin edilib, fiskal inzibatçılıq təkmilləşib, maliyyə mövqeyimiz əhəmiyyətli dərəcədə güclənib, investisiya cəlbediciliyi artıb: "Bir sözlə, şoklara davamlılıq və keyfiyyətli iqtisadi artım üçün maliyyə-institusional baza möhkəmlənib. Bununla belə, qlobal iqtisadiyyatda artan qeyri-müəyyənlik, fraqmentasiya və ticarət proteksionizmi, texnoloji enerji transformasiyasının sürətlənməsi gələcək sosial-iqtisadi inkişaf üçün yeni çağırışlar ərsəyə gətirir".
"Bu çağırışların ciddiliyini adekvat qiymətləndirərək, onların cavablandırılması üçün vergi sisteminin ölkəmizin institusional potensialının və idarəetmə təcrübəsinin formalaşmasına verdiyi və verə biləcəyi töhfələrin müəyyən edilməsi bugünkü forumun müzakirə mövzularından heç şübhəsiz ki, biri olacaq", - deyə hökumət rəsmisi əlavə edib.