Azərbaycan hökuməti Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda İranı tərk edən xarici vətəndaşlar üçün Azərbaycan-İran sərhədindən keçid prosesini yaxşı təşkil edib.
"Report"un Cənub bürosunun məlumatına görə, bunu İran avarçəkmə yığmasının məşqçisi, ukraynalı Sergey Bezuqlıy "Astara" dövlət sərhəd buraxılış məntəqəsində azərbaycanlı jurnalistlərə deyib.
"Mən Tehranda idim, avarçəkmə üzrə milli komandanın məşqçisi işləyirəm. Ölkədəki yaranmış vəziyyətlə əlaqədar İranı tərk etmək qərarına gəldim. Hazırda orada şərait olduqca gərgindir: daimi zərbələr və dağıntılar. Bu müharibədir və vəziyyət həqiqətən çox ağırdır", - o deyib.
S.Bezuqlıy həmçinin qeyd edib ki, Azərbaycan yığmasında çıxış edərkən (kanoe üzrə avarçəkmə - red.) 7 il Mingəçevirdə yaşayıb: "Mən Azərbaycanı çox sevirəm. Azərbaycan xalqı çox mehribandır. Mənim ürəyimdə Azərbaycan üçün yer var. Azərbaycan hökuməti əcnəbilərin sərhədi keçməsinə yaxşı şərait yaradıb. Sərhəd çox yaxşı işləyir, problemsiz. İran sərhədində internetin olmaması səbəbindən bir az gecikmələr yaranır. Bundan başqa insanlar rahat keçirlər. Burada (Astarada - red.) qidalanma məntəqəsi var".