Ermənistanın Baş naziri Nikol Paşinyan və gürcüstanlı həmkarı İrakli Kobaxidze Tbilisidə təkbətək görüş zamanı Cənubi Qafqaz regionunda sülhün möhkəmləndirilməsinə və sabitliyin təmin edilməsinə yönəlmiş addımların ardıcıl davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Bu barədə "Report" Paşinyanın Aparatının məlumatına istinadən xəbər verir.
Tərəflər Ermənistan-Gürcüstan strateji münasibətlərinin gündəliyinə dair məsələləri müzakirə ediblər. Onlar həmçinin regional əhəmiyyətli bir sıra məsələlər üzrə fikir mübadiləsi aparıblar.
"Ticari-iqtisadi əməkdaşlığın ardıcıl inkişafı və genişləndirilməsi vurğulanıb. Bu kontekstdə Ermənistan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bu gün keçiriləcək 15-ci iclasının əhəmiyyəti qeyd edilib. Tərəflər bildiriblər ki, bu, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yeni təkan verəcək. Regionda sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş addımların davam etdirilməsinin vacibliyi vurğulanıb", - məlumatda bildirilib.