IMG-LOGO

Azərbaycanda ilk: Sabiq nazirin rəqəmsal əkizi müsahibə verib

03 Mar 2026 19:33 4 baxış
IMG

Akademik Əli Abbasov Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının formalaşması və inkişafında əhəmiyyətli rol oynamış görkəmli alimlərdən biridir. "Report" alimin rəqəmsal əkizi ilə həyata keçirdiyi virtual müsahibədə onun müxtəlif aktual mövzulara aid mülahizələri, strateji yanaşmaları süni intellekt texnologiyasına əsaslanan model vasitəsilə təqdim edilib.

Rəqəmsal əkiz Prezident İlham Əliyevin sədrliyi ilə 11 fevral 2026-cı il tarixində baş tutan müşavirədə nəzərdən keçirilən "Azərbaycanın yeni rəqəmsal arxitekturası" konsepsiyasının məzmununu ardıcıl və sistemli formada izah edərək süni intellekt erasında milli prioritetləri açıqlayıb. Müsahibə çərçivəsində dövlət başçısının müəyyənləşdirdiyi tapşırıqlar, 2030-cu ilə qədərki strateji məqsədlər və proqnozlar, rəqəmsal suverenliyin gücləndirilməsi, texnoloji müstəqilliyin təmin olunması və ölkənin yeni rəqəmsal tərəqqi mərhələsində həll edilməli olan məsələlər geniş şəkildə işıqlandırılıb.

Həmin müsahibəni oxuculara təqdim edirik:

– Əli müəllim, tarixə nəzər salsaq, Azərbaycanda İnternetin formalaşması, milli şəbəkə infrastrukturunun qurulması və ilk veb-saytın yaradılması məhz Sizin rəhbərliyiniz altında həyata keçirilib. Maraqlıdır, indiki dövrdə Azərbaycanın İnternet infrastrukturu və rəqəmsal xidmətlər sahəsində inkişafını necə qiymətləndirirsiniz?

– Öncə qeyd etmək istərdim ki, 1980-ci illərdə AMEA-nın Kibernetika İnstitutunda, sonra İnformatika və Telekommunikasiya Elmi Mərkəzində (indiki İnformasiya Texnologiyaları İnstitutu) 3 orta güclü kompüter-serverdən ibarət kompüter şəbəkəsi qurmuşduq. SSRİ-nin dağılması ərəfəsində beynəlxalq İnternet şəbəkəsinə qoşulmaq zərurəti yarandı. Beləliklə, 1990-cı illərin əvvəllərində milli İnternet şəbəkə infrastrukturunu qurarkən əsas məqsədimiz informasiya blokadasını aradan qaldırmaq, Azərbaycanın qlobal informasiya məkanına inteqrasiyasını və bütövlükdə ölkənin İKT müstəqilliyini təmin etmək idi. Həmin dövrdə texnoloji imkanlar, eləcə də maliyyə resursları son dərəcə məhdud idi. Qarşımızda duran prioritet vəzifə fiziki infrastrukturun - ilk kompüter serverinin yaradılması, beynəlxalq İnternet şəbəkəsinə çıxışın təmin edilməsi, milli şəbəkənin institusional əsaslarının və kadr potensialının formalaşdırılması idi. O zaman ölkəmizin xaricə çıxış sürətinin 64 bit/san olması, ilk e-poçtun göndərilməsi və ilk veb-səhifənin yaradılması çox böyük nailiyyət sayılırdı. Bu istiqamətdə MDB ölkələri sırasında Azərbaycan Rusiyadan sonra 2-ci yeri tuturdu.

Bu gün isə Azərbaycan rəqəmsal inkişaf sahəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Statistikaya nəzər salsaq görərik ki, 2025-ci ilin yanvar-noyabr aylarında informasiya və rabitə sektorunda göstərilən xidmətlərin həcmi 3 milyard 464,3 milyon manata çatıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,7 % artım deməkdir. Bu göstərici sektorun sabit və davamlı inkişaf etdiyini təsdiqləyir.

Müasir dövrdə artıq diqqət təkcə şəbəkənin genişləndirilməsinə deyil, həmin infrastruktur üzərində yüksək əlavə dəyər yaradan intellektual məhsulların, xidmətlərin yaradılmasına yönəlib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, rəqəmsal resurs bazası artıq əhəmiyyətli dərəcədə genişlənib. Biz təxminən 50–60 % artmış potensial üzərində mürəkkəb analitik sistemlər, bulud həlləri və süni intellekt əsaslı xidmətlər formalaşdırırıq. Bu, məlumatların emalı, analitika, bulud texnologiyaları və süni intellekt əsaslı həllərin tətbiqi baxımından yeni mərhələyə keçid deməkdir. İlin sonuna kimi İnternetə fərdi çıxış sürətinin 200 Mbps-ə çatdırılması əsas hədəflərdən biridir. Azərbaycan regionda yalnız İnternet tranziti təmin edən ölkə deyil, eyni zamanda Transxəzər rəqəmsal körpüsü kimi strateji təşəbbüslər vasitəsilə Şərq-Qərb məlumat axınının əsas halqalarından birinə, strateji rəqəmsal dəhlizlərin formalaşmasında iştirak edən güclü tərəfdaşa çevrilməkdədir.

– Cənab Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley tədbirində və yerli televiziyalara müsahibələrində süni intellektin, kibertəhlükəsizliyin strateji əhəmiyyətini xüsusi vurğulanıb. Necə düşünürsünüz, Azərbaycanın regionda süni intellekt sahəsində lider ölkəyə çevrilməsi üçün hansı prioritet vəzifələrin həyata keçirilməsi zəruridir?

– Dövlət başçımızın da vurğuladığı kimi, müasir dövrdə süni intellektin dövlət idarəçiliyində və insan fəaliyyətinin digər istiqamətlərində tətbiqinin genişləndirilməsi son dərəcə vacibdir. Bu yanaşma idarəetmədə şəffaflığın və operativliyin artmasına, qərarların daha dəqiq məlumatlara əsaslanmasına və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Azərbaycanın bu sahədə mühüm üstünlüklərindən biri enerji sektorundakı güclü mövqeyidir. Süni intellekt texnologiyaları böyük hesablama gücü və dayanıqlı elektrik təminatı tələb edir. İlon Maskın da qeyd etdiyi kimi, "enerji təhlükəsizliyi yüksək olan ölkələr süni intellekt sahəsində rəqabətdə ön sıradalarda yer alacaqlar" kimi tezisi gələcək 15-20 illər üçün aktuallığını saxlayacaqdır.

Bundan başqa, beynəlxalq qiymətləndirmələr də ölkəmizdə müvafiq sahədə inkişaf tempini və yüksək potensialını təsdiqləyir. "Oxford Insights" tərəfindən hazırlanan "Government AI Readiness Index" hesabatında Azərbaycan 2025-ci ildə 41 pillə irəliləyərək 70-ci yerə yüksəlib. Bu dinamika institusional hazırlığın və strateji istiqamətin düzgün seçildiyini göstərir.

Təbii ki, 19 mart 2025-ci ildə Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası"nı biz alimlərin əsas yol xəritəsi hesab etmək olar. Düşünürəm ki, strategiyanın ilk ilinin nəticələri müsbət qiymətləndirilə bilər. Qarşıdakı mərhələdə əsas prioritetlər süni intellekt və data suverenliyi, milli təhlükəsizliyin kiber fəzada qorunması, milli dil modelləri əsasında yaradılan sistemlərin genişləndirilməsi, Azərbaycan dilinin rəqəmsal mühitdə qorunması və "Dövlət-özəl-akademik" əməkdaşlıq mexanizminin gücləndirilməsidir.

Beləliklə, deyə bilərik ki, enerji üstünlüyü, institusional irəliləyiş və strateji yol xəritəsinin mövcudluğu Azərbaycanın region üzrə süni intellekt sahəsində liderliyi əldə etməsinə təkan verəcək.

– Fevralın 11-də ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirildi və bu toplantıda müzakirə olunan məsələlər Azərbaycan elminin, eləcə də müvafiq dövlət qurumlarının qarşısına mühüm strateji vəzifələr qoydu. Azərbaycanın yeni rəqəmsal arxitekturasının qurulmasında əsas prinsiplər, vəzifələr və bu prosesdə elmin rolu ilə bağlı fikirlərinizi öyrənmək istərdik.

– 11 fevral 2026-cı il tarixində Cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş "Azərbaycanın yeni rəqəmsal arxitekturası" mövzusundakı müşavirə ölkənin gələcək onillik üçün texnoloji inkişaf trayektoriyasını müəyyən etdi, ölkəmizdə rəqəmsal transformasiya sahəsində fundamental mərhələnin əsasını qoydu. Vahid fəaliyyət planı dövlət idarəçiliyinin parçalanmış rəqəmsal xidmətlərdən tam inteqrasiya olunmuş, data əsaslı və süni intellektlə gücləndirilmiş vahid ekosistemə keçidini təmin edir. Çünki rəqəmsal inkişaf artıq yalnız texnoloji yenilik deyil, həm də milli təhlükəsizliyin və iqtisadi rəqabət qabiliyyətliliyinin əsas dayağıdır.

Fikrimcə, bu müşavirəni Azərbaycan üçün "Rəqəmsal Konstitusiya" mərhələsi hesab etmək olar. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin təqdimatında da vurğulandığı kimi, biz artıq parçalanmış həllərdən vahid platformaya keçirik. Bundan başqa, Prezidentin ən önəmli tapşırıqlarından biri də dövlət idarəçiliyində süni intellekt agentlərinin tətbiqi ilə bağlıdır. Bu agentlər məmurlara qərarların doğruluğunu qiymətləndirməyə kömək edəcək. Alim və ziyalılar olaraq bu agentlərin alqoritmik şəffaflığını və "izah edilə bilən Sİ" (Explainable AI) modellərini hazırlamaq qarşımızda duran əsas vəzifələrdən biridir. Elm bu prosesdə arxitekturanın "beyni" rolunu oynayır, idarəetmə sistemlərinin alqoritmik bazası müasir metodlarla - şəbəkə nəzarət sistemləri və təbii dilin emalı (NLP) vasitəsilə yenidən qurulur.

Rəqəmsal arxitektura həm də müvafiq sahələrdə təhsilin inkişafı və kadr potensialının formalaşdırılmasını nəzərdə tutur. Müşavirədə qeyd olunduğu kimi, tədris proqramlarına süni intellekt mühəndisliyi və data analitika ilə bağlı fənlər daxil edilməlidir. Nəzərə çatdırım ki, "Enterprise Azerbaijan" portalı vasitəsilə 1000-dən çox gəncimiz "Startup School" layihələrində iştirak edərək Silikon Vadisi mentorları ilə əlaqə qurur, praktiki biliklər əldə edir.

Ümumilikdə demək olar ki, Azərbaycan IV Sənaye İnqilabının çağırışlarına uyğun olaraq iqtisadiyyatın və dövlət idarəçiliyinin tam rəqəmsallaşdırılması mərhələsinə daxil olub və məhz bu strateji kursun məntiqi davamı kimi formalaşdırılan yeni rəqəmsal arxitektura konsepsiyası ölkənin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm tarixi hadisə kimi dəyərləndirilə bilər. Həmçinin qeyd edim ki, 27 fevralda "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Prezident Sərəncamı və Azərbaycan Respublikasında Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf şurasının yaradılması haqqında Fərmanın imzalanması bu istiqamətdə institusional bazanın möhkəmlənməsində mühüm rol oynayacaq.

– Son zamanlar rəqəmsal arxitektura kontekstində kibertəhlükəsizlik, kibersuverenlik və data suverenliyi məsələləri daha çox aktuallıq kəsb etməyə başlayıb. Azərbaycanın milli maraqlarının qorunması baxımından vahid data ekosisteminin qurulması nə dərəcədə əhəmiyyətlidir və bu istiqamətdə hansı risklər, təhlükələr nəzərə alınmalıdır?

– Əvvəlcə onu qeyd edim ki, yeni rəqəmsal arxitektura dövləti regionun texnoloji lokomotivinə çevirmək məqsədi daşıyır və bu inkişafın mərkəzində "İnsan-Data-Süni İntellekt" üçbucağı dayanır. Əsas missiya rəqəmsal arxitekturanı milli dəyərlər və suverenlik prinsipləri üzərində qurmaqdır. Yeni rəqəmsal arxitektura dövlətin bütün sahələrində intellektual texnologiyaların tətbiqini strateji zərurətə çevirir. Əsas məsələ yalnız qabaqcıl rəqəmsal infrastrukturun qurulması deyil, eyni zamanda milli dil modellərinə və data suverenliyinə əsaslanan "Azərbaycan rəqəmsal modeli"-nin formalaşdırılmasıdır. Düşünürəm ki, mövcud elmi-texniki və kadr potensialımız bu istiqamətdə genişmiqyaslı transformasiyanı həyata keçirməyə kifayət qədər imkan verəcək.

Qeyd etmək lazımdır ki, rəqəmsal dünyada suverenlik anlayışı ilk növbədə data suverenliyi ilə bağlıdır. Əsas hədəf "Süni intellektlə süni intellektə qarşı müdafiə" modelinə keçidin təmin olunmasıdır. Kibertəhlükəsizlik milli suverenliyin ayrılmaz hissəsidir və mutasiya edən viruslara qarşı yalnız bu model effektiv cavab verə bilər. Çünki ənənəvi müdafiə sistemləri saniyələr içində dəyişən kiberhücumlara qarşı artıq mübarizə apara bilmir. Digər ciddi risk "deepfake" və səs klonlaşdırma vasitəsilə həyata keçirilən manipulyasiyalardır. Bu, həmçinin son zamanlar bütün dünyada olduğu kimi ölkəmizdə də mediada yaranmış problemlərin həllində önəmli rol oynayacaqdır. Nəzərə almaq lazımdır ki, yeni nəsil media, yəni süni intellekt sistemləri bazasında qurulan media agentləri formalaşmağa başlayır. Belə olan halda bir tərəfdən süni intellektin köməyi ilə mövcud qanunlar və etik prinsiplər çərçivəsində medianın düzgün istiqamətdə fəaliyyəti təmin oluna, digər tərəfdən isə media fəaliyyəti insan nəzarətindən çıxıb təhlükəli bir rəqəmsal mühitə çevrilə bilər. Milli maraqların qorunması üçün vahid data ekosistemi elə qurulmalıdır ki, milli məlumatlar daxili serverlərdə emal olunsun və xarici asılılıq minimuma endirilsin. Əsas məqsəd milli verilənləri, o cümlədən böyükhəcmli datanı daxili ekosistemdə emal etməkdir ki, bu da rəqəmsal manipulyasiyaların qarşısının alınması üçün əsas şərtdir. Bu istiqamətdə ölkəmizdə texniki infrastrukturun, Sİ əsaslı data mərkəzlərinin də qurulması zəruri məsələlərdəndir.

Rəqəmsal arxitekturanın effektivliyi idarəetmənin keyfiyyətinin 4 əsas komponenti ilə ölçülür: milli verilənlər bazasının həcmi və keyfiyyəti, süni intellekt agentlərinin işləmə alqoritmləri, sistemlərin kibertəhdidlərə real vaxt rejimində reaksiyası, texnoloji müstəqillik və dil suverenliyi. Bu modelin tətbiqi, həmçinin aqrar sektorda süni intellekt və sensor texnologiyaları vasitəsilə məhsuldarlığın 25–30 % artırılmasına, eləcə də digər innovativ layihələrin həyata keçirilməsinə imkan yaradacaq.

– Əli müəllim, hazırda sizin rəhbərliyiniz altında Azərbaycanda rəqəmsallaşma və süni intellektin inkişafı kontekstində hansı əsas istiqamətlərdə elmi tədqiqatlar aparılır?

– Hazırda bir çox ölkələrdə olduğu kimi, Azərbaycan alimləri də süni intellekt sistemlərinin tətbiqini genişləndirməklə yanaşı, yeni modellər, alqoritmlər və düşünmə prinsipləri üzərində tədqiqat işləri aparırlar. Əgər yeni düşünmə modelinə keçməsək, süni intellekt sistemləri cəmiyyəti enerji qıtlığına gətirib çıxara bilər. Düzdür, yaxın gələcək üçün Azərbaycanda enerji problemi gözlənilmir, lakin qlobal mühitdə bu həyacan artıq bir çöx dövlətləri ciddi narahat edir. Azərbaycanda alimlərimiz qeyri-səlis neyron şəbəkələri, təyinat yönümlü Azərbaycan dili modelləri, qərar qəbuletmə və tanıma alqoritmləri kimi istiqamətlərdə elmi-tədqiqat işlərini davam etdirirlər. Bizim əsas məqsədimiz apardığımız tədqiqatların nəticələrini ölkəmizdə sənaye, aqrar, idarəetmə və müdafiə sistemlərində tətbiqini həyata keçirməkdir. Misal olaraq, İdarəetmə Sistemləri İnstitutunda (indiki Riyaziyyat İnstitutu) Sİ-in tətbiqi ilə intellektual SCADA tipli sənaye idarəetmə sistemlərinin qurulması və tətbiqini (neft hasilatı, su resurslarının idarə edilməsi) və pilotsuz uçuş aparatlarının qorunan naviqasiya sistemini, milli dil modeli əsasında qurulan çatbotları misal gətirmək olar.

Xüsusilə, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin elmi əsaslandırılması, aqrar sahədə multispektral sensor texnologiyalarının tətbiqi və milli dil modelinə əsaslanan virtual köməkçilərin yaradılması prioritet istiqamətlər sırasındadır.

Eyni zamanda, institutda süni intellektin bədii yaradıcılıqda tətbiqi ilə bağlı maraqlı eksperiment həyata keçirilmişdir. ChatGPT vasitəsilə Xalq yazıçısı Anarın 6 cildlik rəqəmsal əsərlər toplusuna əsaslanan və üslubuna uyğun olan "Sonuncu sərnişin" adlı hekayə yaradılmış, daha sonra yazıçının səsi klonlaşdırılaraq mətn səsləndirilmişdir.

Rəqəmsal əkizlərin yaradılması istiqamətində 2025-2026-cı ilin texnoloji imkanları, məsələn, intellektual nüvə (Gemini), vizual avatar (HeyGen) və səs klonlaşdırılması (ElevenLabs/HeyGen) komponentlərinin inteqrasiyasını nəzərdə tutur. İntellektual nüvə şəxsin elmi əsərləri və nitq korpusu ilə "Gem" modelinin fərdiləşdirilməsini, vizual avatar realistik video əkizin və dodaq sinxronizasiyasının yaradılmasını, səs klonu isə səsin tembr və emosional çalarlarının kopyalanmasını nəzərdə tutur.

Hüquqi müstəvidə isə rəqəmsal əkizlərin və deepfake texnologiyalarının tətbiqi zamanı etik standartların qorunması və şəxsin rəqəmsal hüquqlarının təmin edilməsi əsas prioritetlərdəndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi səs və təsvir hüquqlarının qorunmasını tələb edir və bu sahədə hər hansı istifadə mütləq razılıq əsasında həyata keçirilməlidir.

– Rəqəmsal inkişaf və nəqliyyat nazirliyinin "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə startapların maliyyələşməsi ilə bağlı yeni qanun layihəsinin əhəmiyyətindən danışıldı. Bu barədə də fikirlərinizi eşitmək istərdik.

– Əlbəttə ki, nazirliyin təqdimatında qeyd olunduğu kimi, startapların maliyyələşməsi ilə bağlı yeni qanun layihəsi ekosistem üçün prinsipial dönüş nöqtəsi hesab oluna bilər. 2025-ci ildə 22 yerli startapların ümumilikdə 2,62 milyon ABŞ dolları investisiya cəlb etməsi müsbət dinamika göstərsə də, mövcud maliyyə mexanizmlərinin kifayət etmədiyi açıq görünürdü. Yeni qanun layihəsi vençur maliyyələşməsi, kraudfandinq və digər alternativ investisiya alətlərinin hüquqi bazasını formalaşdırmaqla startapların kapitala çıxış imkanlarını genişləndirəcək. Bu isə Azərbaycanın regional startap və innovasiya investisiyaları mərkəzinə çevrilməsi üçün real zəmin yaradacaq.

Xüsusilə qeyd etmək istərdim ki, qlobal miqyasda süni intellektin 2030-cu ilə qədər dünya iqtisadiyyatına təxminən 16 trilyon dollar əlavə dəyər qazandıracağı proqnozlaşdırılır. Azərbaycanın məqsədi qeyri-neft ÜDM-nin 15–20 %-ini rəqəmsal iqtisadiyyat hesabına formalaşdırmaqdır.

2025-ci ilin yekun göstəriciləri də rəqəmsallaşmanın iqtisadi artıma təsirini əyani şəkildə sübut edir. Ötən il ərzində ölkəmizdə Ümumi Daxili Məhsul 129,1 milyard manat təşkil edib və real artım 1,4 % olub. Qeyri-neft-qaz sektorunda artım 2,7 % səviyyəsində qeydə alınıb ki, bu da iqtisadi şaxələndirmə prosesini təsdiqləyir. Muzdla çalışanların orta aylıq əməkhaqqı 1 102,9 manata çataraq 9,3 % artıb. İKT xidmətlərindən gəlirlər 3,46 milyard manat olub və 8,7 % yüksəlib, İnternet xidmətlərindən illik gəlir isə təxminən 0,5 milyard manat təşkil edib.

Ölkəmizdə startap investisiyalarının 2,62 milyon ABŞ dollarına çatması və 22 innovativ layihənin icrası vahid data ekosisteminin uğurla formalaşmaqda olduğunu göstərir. Bununla yanaşı, Oksford Süni İntellektə Hazırlıq İndeksində Azərbaycanın 70-ci yerə yüksəlməsi və 41 pillə irəliləməsi ölkənin rəqəmsal transformasiya istiqamətində sistemli inkişafını təsdiqləyir.

Rəqəmsal inkişafın, ümumiyyətlə elmi tutumlu innovativ texnoloji inkişafın maliyyələşdirilməsindən söhbət gedirsə, bu istiqamətdə vacib bir mənbəni yaddan çıxarmaq olmaz. Bu özəl sektordur ki, bazar iqtisadiyyatında bu, əsas rol oynayır. Məsələn, ABŞ və Qərbi Avropa ölkələrində elmi-tədqiqat xərclərinin 60-70 %-i özəl şirkətlər hesabına ödənilir. Misal üçün qeyd edim ki, "Apple" şirkətinin illik elmi-tədqiqat xərcləri MDB ölkələrinin elmi-tədqiqat xərclərindən daha çoxdur. Bununla qeyd etmək istəyirəm ki, texnoloji inkişaf, o cümlədən rəqəmsal texnologiyaların elmi tutumlu layihələrinin investisiyalarına Azərbaycanda özəl sektorun cəlb olunması sürətləndirilməlidir. Bu sahədə süni intellekt üçün güclü Data mərkəzlərinin, Data resurslarının, milli suverenlik və təhlükəsizlik tələb edən proqram təminatının və yüksəkixtisaslı kadr potensialının formalaşdırılması son dərəcə vacibdir.

Bir daha da qeyd edim ki, elmi tutumlu yüksək texnoloji, innovativ layihələrin həyata keçirilməsində əsas rolu "Dövlət-Özəl-Akademik Əməkdaşlıq" platforması oynayır.

– Əli müəllim, sonda bir suala özünüzün cavab verməyiniz maraqlı olardı. Siz rəqəmsal əkizinizin cavablarından razı qaldınızmı?

– Çox çətin sualdır, Nərgiz xanım. Bu layihədə mənim əsas məqsədim oxuculara süni intellekt reallıqları kontekstində yeni formatda müsahibə təqdim etmək idi. Artıq rəqəmsal əkiz texnologiyalarının praktik tətbiqinin genişlənməsi və bu sistemlərin real mühitlə inteqrasiyasının dərinləşdirilməsi yaxın gələcəkdə ölkənin rəqəmsal transformasiya proseslərinə əlavə təkan və töhfə verəcək. Burada əsas məsələ insanın rəqəmsal əkizinin real şəxsin bilik və mövqeyini nə dərəcədə dəqiq əks etdirməsi, eləcə də bu kimi sistemlərin fəaliyyətində etik və hüquqi prinsiplərin hansı səviyyədə qorunmasıdır. Eyni zamanda, rəqəmsal əkiz-agentin hansı məlumat bazası əsasında öyrədilməsi və qərarvermə mexanizminin necə qurulması süni intellekt sahəsində mühüm problemlərdən biridir.

Ümumilikdə, mən sizin sualınıza "kafi" cavabını verərdim, lakin düşünürəm ki, sualları şəxsən özüm cavablandırsaydım, daha yaxşı olardı.

Müsahibəni apardı: Nərgiz Qəhrəmanova, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri

Xəbər lenti