İran öldürülən Ali rəhbər Əli Xameneinin intiqamı alınana qədər hərbi əməliyyatları davam etdirəcək.
"Report" "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Məsləhət Şurasının üzvü, Ali İqtisadi Koordinasiya Şurasının katibi Möhsün Rzayi bildirib.
SEPAH-ın sabiq komandanı olan Rzayi bildirib ki, hərbi əməliyyatların sürət və şiddəti artırılır. "Bölgədəki xarici gəmilərə və hərbi bazalara ağır zərərlər vurulandan sonra qüvvələrin geri çəkilmə və yerdəyişməsi müşahidə olunur", - o bildirib.
Möhsün Rzayinin sözlərinə görə, ABŞ və İsrailin hərbi bazalarına dəyən ziyanın miqyası artıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. Hücumlar nəticəsində İranda bəzi yüksəkvəzifəli şəxslər öldürülüb. Onların arasında ölkənin Ali rəhbəri Əli Xamenei də var.