IMG-LOGO

Orxan Nəzərli : "Yanacağın markalanması üzrə beynəlxalq təcrübəyə əsaslanan mexanizm hazırlanıb"

06 Nov 2026 11:39 3 baxış
IMG

Azərbaycanda yanacaq məhsullarının markalanması və izlənilməsi sistemi həyata keçiriləcək.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, vergi bazasının genişləndirilməsi məqsədilə növbəti il üçün aksiz vergisi tətbiq olunan malların siyahısının artırılması planlaşdırılır.

"Vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində vətəndaşlar üçün maraq doğura biləcək yeni yanaşmalar irəli sürülür. Hazırlanmış dəyişikliklər layihəsində ictimai nəzarət mexanizmlərinin inkişaf etdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub. Məlum olduğu kimi, hazırda ƏDV ödəyicilərindən əldə edilən mal və xidmətlərə görə ödənilmiş ƏDV-nin müəyyən hissəsinin qaytarılması sistemi fəaliyyət göstərir.

Gələn ildən etibarən isə ƏDV qeydiyyatında olmayan vergi ödəyiciləri tərəfindən təqdim olunan mal və xidmətlərə görə nağdsız formada ödənilmiş məbləğin müəyyən payının istehlakçılara geri qaytarılması da təklif edilir. Vergi nəzarətinin səmərəliliyinin yüksəldilməsi baxımından planlaşdırılan əhəmiyyətli yeniliklərdən biri də yanacağın markalanması və izlənilməsi mexanizminin tətbiq edilməsidir. Dövlət Vergi Xidməti tərəfindən bu sahədə uzun müddət ərzində beynəlxalq təcrübə və mümkün tətbiq yolları araşdırılıb. Aparılmış təhlillər və hazırlıq mərhələləri nəticəsində mexanizmin praktiki tətbiqinə başlamaq üçün zəruri şərait artıq yaradılıb. Beləliklə, daxildə istehsal edilən və xarici ölkələrdən gətirilən yanacaq məhsullarının istehsal, daşınma və satış mərhələlərində vergitutma və dövriyyə üzrə zəncirvarı nəzarətin həyata keçirilməsi məqsədilə beynəlxalq təcrübəyə müvafiq olaraq yanacaq məhsullarının markalanması və izlənilməsi sistemi tətbiq ediləcək", - O. Nəzərli əlavə edib.

Mənbə: report.az

Xəbər lenti