Gürcüstanın Çinlə əməkdaşlığının dərinləşdirilməsi ilə yanaşı, Azərbaycan və Türkiyə ilə strateji əlaqələrin gücləndirilməsinin də ölkənin uzunmüddətli maraqlarına uyğundur.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin hakim "Xalq Gücü" siyasi qüvvəsinin üzvü Davit Kartvelişvili bildirib.
O, Çin Xalq Respublikasının vitse-prezidenti Han Çenin Gürcüstana səfərinin ölkənin regional və iqtisadi əhəmiyyətini artırdığını qeyd edib. Vurğulayıb ki, Gürcüstan Çin üçün Asiyanı Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Avropa ilə birləşdirən Orta Dəhlizin mühüm halqasıdır.
Kartvelişvili deyib ki, bu baxımdan Azərbaycanın da daxil olduğu regional tərəfdaşlıq və nəqliyyat əlaqələri Gürcüstanın strateji mövqeyini gücləndirir.
O, Qara dəniz limanları, dəmir yolu və avtomobil yolları infrastrukturu, eləcə də Anakliya dərin dəniz limanının perspektivlərinin Gürcüstanı Şərqlə Qərb arasında mühüm nəqliyyat mərkəzinə çevirə biləcəyini vurğulayıb.
Kartvelişvili, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 8-də Azərbaycana planlaşdırılan səfərinə toxunub. O bildirib ki, Azərbaycan və Türkiyə arasında münasibətlərin möhkəmləndirilməsi Cənubi Qafqazın sabitliyi və iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Onun fikrincə, Çinin Gürcüstanla, Türkiyənin isə Azərbaycanla yüksək səviyyəli təmaslarının eyni dövrə təsadüf etməsi Cənubi Qafqazın qlobal ticarət və nəqliyyat marşrutları baxımından artan əhəmiyyətini nümayiş etdirir.
Mənbə: report.az